Qənirə Paşayeva Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti ilə görüşüb
23 dekabr 2010 12:12 (UTC +04:00)

Qənirə Paşayeva Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti ilə görüşüb

İki ölkənin “beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin həyata keçirilməsi zəruri sayılıb

Bakıda səfərdə olan Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) prezidenti Süleyman Şensoy millət vəkili, Azərbaycan-Türkiyə parlamertlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, oktyabrın 20-22-də TASAM-ın təşkil etdiyi Dünya Türk Forumunda Qənirə Paşayevanın da iştirak və çıxış etdiyini xatırladan Süleyman Şensoy forumda qəbul edilmiş və bütün türkdilli dövlətlərin və xalqların mənafeyinə xidmət edən yekun bəyannamədə öz əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində gördükləri işlərdən danışıb.

Qənirə Paşayeva parlamentin dekabrın 21-də keçirilən iclasında Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi ilə yanaşı, qardaş Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edildiyini söyləyib. O, bu sənədlərin təsdiq edilməsinin iki ölkə arasında münasibətlərin və əməkdaşlığın daha da genişlənməsi və sürətlənməsi istiqamətində mühüm rol oynayacağını vurğulayıb.

Qənirə Paşayeva TÜRKPA-nın katibliyinin Milli Məclisdə fəaliyyət göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin türkdilli dövlətlərin və xalqların əməkdaşlığının genişləndirilməsinə, diasporlarımızın birgə fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Süleyman Şensoy yaxın gələcəkdə Azərbaycanın müxtəlif qurumları ilə birgə tədbirlər və layihələr həyata keçirilməsi istiqamətində müzakirələr apardıqlarını və razılaşmalar əldə edildiyini bildirib. O, yaxın zamanlarda Bakıda Azərbaycan qurumları ı ilə birgə tədbir keçirmək niyyətində olduqlarını da nəzərə çatdırıb.

Azərbaycan və Türkiyənin strateji mərkəzləri, qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın genişlənməsini vacib sayan Qənirə Paşayeva TASAM prezidentinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir addım atmaması barədə də ətraflı məlumat verib. Millət vəkili deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzləri də birgə səylərini artırmalıdır.

Görüşdə qeyd olunub ki, iki ölkənin “beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində də müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsi lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar