Qüdrət Həsənquliyev: “Bu, Amerikanın Azərbaycanı güzəştlərə məcbur etmək üçün olan təzyiqidir”
06 dekabr 2010 19:00 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Bu, Amerikanın Azərbaycanı güzəştlərə məcbur etmək üçün olan təzyiqidir”

Ancaq ATƏT-in Astana Sammiti həm Azərbaycan hökumətinə, həm də xalqına növbəti mesaj oldu. Bu mesaj isə ondan ibarətdir ki, biz beynəlxalq təşkilatlardan əlimizi çəkib, torpaqlarımızı azad etməliyik. Ona görə də Azərbaycan təxirəsalınmaz ciddi islahatlara başlamalıdır. İslahatlar həm bazar iqtisadiyyatına keçid istiqamətində, həm peşəkar ordu quruculuğu, həm də prezidentin Milli Məclisin iclasında söylədiyi kimi siyasi sistemin gücləndirilməsi istiqamətində olmalıdır. Bütün bu işlər kompleks şəkildə görülməlidir. Eyni zamanda, Azərbaycan xalqı müharibəyə hazırlanmalıdır”. Bunu APA-ya açıqlanmasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, son vaxtlar Azərbaycana qarşı edilən təzyiq ABŞ prezidenti Barak Obamanın erməni diasporuna Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmasına yardım etməsi ilə bağlı sözüylə əlaqəlidir: “O, prezident kreslosuna əyləşəndən dərhal sonra bu istiqamətdə fəaliyyətə başladı, Sürix protokolu da məhz ABŞ-ın yaxından iştirakı ilə imzalandı. Azərbaycanın bu məsələyə etirazlarından sonra Amerika mətbuatında Azərbaycan rəhbərliyi haqqında müxtəlif yazılar dərc olunmağa başladı. Bunun ardınca “WikiLeaks” saytında olan və ciddi formada redaktə olunmuş yazışmalar yayıldı. Türkiyədə ayır-ayrı şəxslər vasitəsilə Azərbaycan əleyhinə kitablar çap etdirilməyə başlandı. Bütün bunlar Azərbaycanın Türkiyə-Ermənistan sərhədinin açılmasına etirazından sonra baş verənlərdir”.

Q. Həsənquliyevin fikrincə, baş verənlər Amerikanın Azərbaycanı güzəştlərə məcbur etmək və susdurmaq üçün olan təzyiqidir: “Son vaxtlar “xalq diplomatiyası” adı altında Azərbaycanın siyasətçilərini, QHT və KİV nümayəndələrini Ermənistana aparıb-gətirirlər. Hətta ölkəmizdəki partiyalardan birinə Ermənistanla əməkdaşlıq haqqında sənəd imzalatdırıblar. Bununla beynəlxalq ictimaiyyətə fikri aşılamağa çalışırlar ki, bu xalq torpaqları işğal altında ola-ola Ermənistanla əməkdaşlıq edir”.

Partiya sədri “WikiLeaks” saytındakı məlumatların Amerika hökuməti tərəfindən sızdırıldığını güman edir: “ABŞ rəhbərliyi istəsə, “WikiLeaks”-in rəhbərini həbs etdirə, yaxud fiziki cəhətdən məhv edə bilər. Amma bu adamın əli ilə istədiklərini ediblər. Bu məlumatlar dezinformasiyadır və Azərbaycan da daxil olmaqla bir sıra dövlətlərə təzyiq etmək üçün hesablanıb. Mən bunların təsadüf nəticəsində yayıldığına inanmıram. Bu məlumat xüsusi mərkəzlər tərəfindən təhlil və redaktə olunaraq, yerli şəraiti belə nəzərə almaqla yayılır. Niyə yalnız Amerikanın indiki rəhbərliyinin münasibətlərində gərginlik olan dövlətlərlə bağlı məlumatlar yayılır? Azərbaycanın yaxın qonşuları ilə bağlı məlumatları o cür təqdim etməklə, ölkəni bu regionda təkləmək istəyirlər. Bunlar xüsusi olaraq təhlil olunaraq hazırlanmış, ölkə başçının ailəsi, ən sadiq tərəfdarları ilə bağlı yanlış rəylər formalaşdırmağa çalışırlar. Məsələn, məmurların nüfuzu və s. barədə yazırlar. “WikiLeaks”-dəki məlumatlar ölkənin həm daxilində, həm də xaricində ziddiyyətlər yaradılmasına xidmət edir”. Q. Həsənquliyev bildirib ki, ABŞ bunu öz nüfuzuna da zərbə vuran hadisə kimi qiymətləndirsə də, hələ də ABŞ-la bağlı ciddi məqamlar açıqlanmayıb.

Partiya sədri Türkiyə səfirliyinin son vaxtlar müzakirə mövzusu olan sabiq müşaviri Turqut Ərin kitabından da bəhs edib: “Mən hesab etmirəm ki, Turqut Ərin Azərbaycandan qovulduqdan 10 il sonra belə bir kitab yazması təsadüfidir. Əgər ölkədən qovulandan dərhal sonra belə bir məqalə, yaxud kitabla çıxış etsəydi, bəlkə də onu başa düşmək olardı. Tam əminəm ki, onu bu hərəkətə vadar ediblər. Yəqin ki, bu cür adamlar olacaq, bu cür sifarişlər yenə də veriləcək. Bütün bunlarda isə məqsəd Azərbaycan dövlətini sarsıtmaq, Azərbaycan hakimiyyətini şantaj etməklə güzəştlərə məcbur etməkdir”.
# 448

Oxşar yazılar