2011-ci il Türk Dünyasında Qarabağ ili elan edildi
06 dekabr 2010 18:53 (UTC +04:00)

2011-ci il Türk Dünyasında Qarabağ ili elan edildi

Avrasiya İqtisadi Münasibətlər Dərnəyi və Şimali Kipr Türk Cümhuriyyətinin Avropa Universitetinin təşkilatçılığı ilə keçirilən “XXI yüz ildə Türk Dünyası” adlı beynəlxalq simpoziumun 12 maddədən ibarət yekun bəyanatı qəbul edilib.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türk Dünyasına, beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara müraciət əksini tapıb.

Qənirə Paşayeva, Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sədrinin müavini Mübariz Quliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədlinin təklifləri əsasında respublikamızın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Azərbaycan torpaqlarının 20%-nin işğalı, 1 milyon Azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması kimi faktlara yekun sənəddə geniş yer verilib.

Məsələn, yekun bəyanatın 6-cı maddəsində yazılır ki, simpozium iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini və 15 ildən artıqdır ki, bu işğalı davam etdirməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları və ictimaiyyəti bu problemin həllində daha fəal rol oynamağa, üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırır: “Beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını 1 milyon insanın Ermənistan tərəfindən pozulmaqda davam edən insan haqlarının bərpası istiqamətində ciddi addımlar atmağa çağırırıq. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsi istiqamətində bütün türkdilli dövlətləri və toplumları hər platformada Azərbaycana daha fəal dəstək verməyə çağırırıq”.
Bəyanatın 7-ci bəndi Xocalı soyqırımı ilə bağlıdır: “ Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın bütün dünyaya tanıdılması istiqamətində bütün Türkdilli dövlətləri, toplumları və onların xaricdəki diasporlarını Azərbaycan dövləti və diasporu ilə geniş əməkdaşlığa dəvət edir, bunu törədənlərin öz layiqli cəzalarını alması istiqamətində çalışmağa çağırırıq. Simpozium iştirakçıları 2011-ci ilin Bütün Türk Dünyasında Qarabağ ili elan edilməsini təklif edir”.

Qeyd edək ki, simpoziuma Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyətləri, habelə Əfqanıstan, Kosova, Makedoniya, Krım və dünyanın müxtəlif bölgələrində yaşayan türk toplumlarını təmsil edən millət vəkilləri, ictimai-siyasi xadimlər, elm adamları qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar