Xaricdə təhsil alan gənclərimizə diplomatik-siyasi kurs keçiləcək
03 dekabr 2010 17:25 (UTC +04:00)

Xaricdə təhsil alan gənclərimizə diplomatik-siyasi kurs keçiləcək

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyinin ilə birgə təşkilatçılığı 27-28 noyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçirilib.

Tədbirdə iştirak edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHCMİB) sədri Emin Həsənli Lent.az-a açıqlamasında deyib ki, əsas məqsəd xaricdə təhsil alan və xaricdə yaşayan Azərbaycan gənclərinin fəaliyyətini koordinasiya etməkdən ibarət olub.

Emin Həsənli bildirib ki, tədbirə dünyanın müxtəlif ölkələrində olan azərbaycanlı gənclərin qatılması mühüm hadisədir: “Azərbaycan gəncləri ilk dəfə belə bir tədbirdə bir araya gəlir, görüşürdülər. Konqresin qətnaməsində də belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğu əksini tapıb. Dünya Azərbaycanlı Gənclərin II Konqresi 2013-cü ildə Moskvada keçiriləcək və Dünya Azərbaycanlı Gənclərin Birliyini təsis ediləcək. Biz orada qərara aldıq ki, Türkiyə diaspor təşkilatları ilə birgə addımlar ataq, Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini dünyada təbliğ edək”.

Emin Həsənli qeyd edib ki, gələcəkdə Azərbaycanın turizm imkanlarını və mədəniyyətini təbliğ edən saytların yaradılması nəzərdə tutulub. Bu saytlar xarici ölkələrdən Azərbaycana gəlmək istəyənlər üçün geniş məlumat mənbəyi olacaq. O, xaricdə yaşayan azərbaycanlı gənclərin öz dillərini bilməsinin, adət-ənənələrimizi təbliğ etməsinin, Novruz bayramını keçirməsinin sevinc doğurduğunu söyləyib: “Orada gənclərimizin çıxışlarında və göstərilən filmlərdə də biz bunun əyani şahidi olduq. Bu tədbir həm də imkan verdi ki, bir oteldə qalan gənclər bir-biri ilə təmasda olsunlar, problemlərimizin həlli, Azərbaycan mədəniyyətini xaricdə təbliğ etmək üçün təkliflər səsləndirsinlər. Bu təkliflərin ən əhəmiyyətlilərindən biri gələcəkdə xarici ölkələrdə təhsil almağa gedən gənclərimizə kursun keçirilməsi ilə bağlı oldu. Prezidentimiz diasporumuz qarşısında məqsəd qoyub ki, biz müdafiə olunmamalı, daim hücumda olmalıyıq. Ona görə də bu qısa müddətli kursda gənclərimizə xaricdə özləri necə aparmaları və Azərbaycan tarixini, mədəniyyətini necə təbliğ etməli olduqları haqqında məlumat veriləcək. Bir növ diplomatik-siyasi kursların keçilməsi nəzərdə tutuldu”.

TOHGBİB sədri Azərbaycan gənclərinin Avropa və dünyanın bir çox ölkələrində təşkilatlanması sahəsində uğurlarının artdığını bildirib: “Artıq dünyanın ayrı-ayrı yerlərində yaradılan gənclər təşkilatlarının, tələbələrimizin birləşməsinə və Azərbaycanın problemlərini eyni anda dünyaya çatdırmalarına ehtiyac yaranmışdı”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar