Anar Yusifoğlu: “Debatda namizədin yalnız özü iştirak edə bilər”
15 oktyabr 2010 19:21 (UTC +04:00)

Anar Yusifoğlu: “Debatda namizədin yalnız özü iştirak edə bilər”

Hər bir namizəd 4 dəqiqə olmaqla, dəyirmi masa formatında çıxış edə biləcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya və Analitik Proqramlar Departamentinin rəhbəri Anar Yusifoğlu Lent.az-a açıqlamasında deyib ki, İctimai Televiziyada namizədlər hər gün 2 saat - 21:00-dan 23:00-dək olmaqla, təşviqat kampaniyası aparacaqlar.

Anar Yusifoğlu bildirib ki, namizədlər dairələr üzrə dəyirmi masalarda çıxış edəcəklər: “Hər bir dairənin namizədləri üçün ayrıca dəyirmi masa təşkil olunacaq. Məsələn, bu gün 5 dair, 26, 30, 125, 21 və 10-cu dairələr üzrə qeydə alınan 31 namizədin çıxışı planlaşdırılır. 26 saylı dairədə qeydə alınan 4 namizəd üçün dəyirmi masa təşkil olunacaq, onlar 16 dəqiqə çıxış edəcəklər. Sonra 30-cu dairənin namizədləri üçün dəyirmi masa başlayır. Bu dairədən 6 nəfərdir. Ona görə bu gün bu dairələrin namizədlərinə vaxt ayrılıb ki, bu dairələrdə qeydə alma prosesində mübahisələr bitib”.

Anar Yusifoğlunun sözlərinə görə, bundan sonra digər seçki dairələri üzrə namizədlərə İctimai Televiziyada hansı gün vaxtın ayrılmasını Mərkəzi Seçki Komissiyasının nəzdində bu gün yaradılmış İşçi Qrupu tənzimləyəcək: “Ola bilər ki, bir gündə 6 dairənin, ola bilər ki, 3 dairənin namizədləri çıxış etsinlər. Bu, həmin dairələrdə qeydə alınan namizədlərin sayı ilə bağlı olacaq. Yəni 2 saat hər namizədə 4 dəqiqə olmaqla bölünəcək və ondan sonra neçə dairənin iştirak edəcəyi bilinəcək”.

Qeyd edək ki, dəyirmi masaların aparıcısı da elə Anar Yusifoğlunun özü olacaq. Anar Yusifoğlu deyib ki, namizədlər aparıcının sağında və solunda oturacaqlar: “Onların çıxış etməsi isə namizədliklərinin qeydə alınması ardıcıllığı ilə olacaq. Ola bilər ki, 1 gündə 5 namizəd qeydə alınıb. Birinci hansı şəxsin namizədliyi qeydə alınıbsa, buna uyğun olaraq namizədlər aparıcının sağında və solunda əyləşəcəklər. Ayrılmış 4 dəqiqə vaxtdan namizəd birdəfəlik də istifadə edə, bu vaxtı bölə də bilər”.

Anar Yusifoğlu bildirib ki, namizədlər arasından dəyirmi masaya gəlməyənlər də ola bilər: “Debatda namizədin yalnız özü iştirak edə bilər. Gəlməyənlər olarsa, 4 dəqiqə dəyirmi masanın müddətindən çıxılacaq, yəni həmin vaxt başqa bir namizədə verilməyəcək. Onu da deyim ki, dəyirmi masada iştirak edə bilməyən namizədin yerinə onun mənsub olduğu siyasi partiya və partiyalar blokunun səlahiyyətli nümayəndəsi iştirak edə bilməz”.

O, dəyirmi masaların seçki təşviqat müddəti bitənə qədər, yəni noyabrın ayının 5-dək davam edəcəyini söyləyib.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar