Ermənilərin növbəti təxribatının qarşısı alınıb
07 oktyabr 2010 17:48 (UTC +04:00)

Ermənilərin növbəti təxribatının qarşısı alınıb

Bəzi kütləvi informasiya vasitələrində, xüsusilə Ermənistan mediasında Almaniyanın Frankfurt şəhərində keçirilən növbəti beynəlxalq kitab sərgi-yarmarkasında saxta “Dağlıq Qarabağ Respublikası”nın ayrıca pavilyonla iştirak etdiyinə dair məlumatlar yayılıb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən müvafiq araşdırılma aparılıb. Araşdırma nəticəsində həqiqətən də Azərbaycan Respublikasının işğal altındakı ərazilərində mövcud olan separatçı rejimin bu sərgidə ayrıca pavilyonla təmsil edilməsinin nəzərdə tutulduğu bəlli olub.


Səfirlik təcili şəkildə sərginin rəhbərliyi ilə əlaqə saxlayıb, onlara müvafiq izahedici məktub və ermənilərin bu sərgidən siyasi təbliğat məqsədilə istifadə etməyi nəzərdə tutduqlarını göstərən materiallar göndərib, sərgidən tanınmamış separatçı rejimin təbliğatının həyata keçirilməsi məqsədilə istifadənin yolverilməz olduğu diqqətə çatdırılıb və bunun qarşısının alınması üçün müvafiq addımların atılması tələb edilib.


Sərginin rəhbərliyi səfirliyin tələbinə uyğun olaraq qondarma rejimi sərgidə təmsil edəcək müvafiq təşkilatla imzalanmış müqaviləni ləğv edib. Beləliklə, separatçı rejimin sərgidə müstəqil pavilyonla təmsil edilməsinin qarşısı alınıb, sərginin internet ünvanında təqdimatçıların kataloqu bölməsindən saxta rejimi sərgidə təmsil edəcək təşkilat haqqında bütün məlumatlar çıxarılıb. Bununla da, Almaniyada ermənilərin Dağlıq Qarabağda mövcud olan separatçı rejimi müstəqil dövlət kimi təqdim etməyə yönəlmiş növbəti cəhdi iflasa uğrayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar