Sürix protokollarının imzalanmasından 1 il ötür
07 oktyabr 2010 11:18 (UTC +04:00)

Sürix protokollarının imzalanmasından 1 il ötür

“Qafqaz beynəlxalq sülh nöqteyi-nəzərindən çox önəmli bir bölgədir. Bölgədə daimi sülh Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Mən bu məsələdə gələcəyə yönəlmiş bir baxışa əhəmiyyət verirəm. Daimi sülh üçün ciddi siyasi iradənin nümayiş etdirilməsi lazımdır. Hazırda münasibətlərə sadəcə, ikitərəfli prizmadan baxmaq mümkün olmur. Ona görə də regiondakı daimi sülh prosesində geniş konsensusa ehtiyac var. Bu çərçivədə Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həll edilməsinin önəmi böyükdür. İnşallah, bu məsələdə konkret addımlar atıldığını görəcəyik”.


Bu sözləri APA-ya açıqlamasında hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili, Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvü Zeynəb Dağı deyib. 2009-cu il oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokollarının aqibəti ilə bağlı sualı cavablandıran iqtidar nümayəndəsi bildirib ki, bölgədə daimi sülh həm Ermənistanın, həm də Azərbaycanın lehinə olacaq: “Çünki bu bölgə Avrasiya enerji mənbələri üçün önəmli bir koridordur. Bölgədə sülh olarsa, bundan hamı qazanacaq. De-fakto Qarabağ torpaqlarının işğal altında qalması bölgədəki sülhə ən böyük əngəldir. Bu əngəl aradan qaldırılaraq bölgədə yeni bir gələcək inşa edilə bilər”.


Türkiyə XİN aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursa millət vəkili Onur Öymən isə Sürix protokollarını yenidən canlandırmaq üçün təşəbbüslər olduğunu söyləyib: “Xüsusilə İsveçrənin və ABŞ-da Türkiyə ilə Ermənistanın yaxınlaşmasına liderlik edən bəzi qeyri-hökumət təşkilatlarının protokolların yenidən gündəliyə gətirilməsi üçün nəbz yoxladıqlarından xəbərimiz var. Biz bu məsələni yaxından izləyirik. Hazırda protokolların yenidən gündəmə gətirilməsi üçün heç bir səbəb yoxdur. Çünki Ermənistan geri addım atmayıb, Azərbaycan torpaqlarından çıxmayıb və hər gün Azərbaycan tərəfə atəş açır. Belə bir atmosferdə protokolları hansı məntiqlə gündəmə gətirmək olar? Ermənistan Konstitusiya Məhkəməsinin qərarı var. Həmin qərardan sonra protokolların yenidən müzakirəyə çıxarılması düzgün olmaz. Türkiyə bu bir ildə çox şey itirdi”.



Sabiq səfir hesab edir ki, protokollar ləğv edilməlidir: “Ancaq hökumət bu addımı atmır. Bugünkü şəraitdə Ermənistanın geri addım atmağa niyyəti yoxdur. Bunu görərək onlardan nə isə gözləmək böyük səhv olacaq. Bizim vəzifəmiz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxmasına nail olmaqdır. Bizim hökumət isə bunu bir tərəfə qoyub Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır. Bu, yanlış siyasətdir”.


Milliyyətçi Hərəkat Partiyasının (MHP) Kırıkkale millət vəkili, keçmiş səhiyyə naziri Osman Durmuş isə protokolların ləğvi üçün parlamentdə məsələ qaldıracaqlarını açıqlayıb: “Hörmətli sədrimiz Dövlət Bağçalı Əlican sərhəd məntəqəsində çıxışında Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər Ermənistanla diplomatik münasibətlər yaradılmayacağını bəyan etdi. Azərbaycan bizim doğma qardaşımızdır. Ağlını başına yığmayan qonşumuz isə Ermənistandır. Amerika, Avropa istədi deyə biz qardaşımızdan vaz keçib uşağımızı, qocamızı, qadınımızı diri-diri yandıran, Azərbaycanın beşdə birini işğal altında saxlayan Ermənistana qapımızı açacağıqmı? Bu, baş tutan şey deyil. MHP-çilər buna imkan verməz. Bu, türklüyə xəyanətdir. Azərbaycandakı qardaşlarımızın istəyi nədirsə, MHP-nin də istəyi odur. Mənim mərhum Heydər Əliyevlə görüşlərim olub. Rəhmətlik Elçibəy mənim xəstəm olub. Səhiyyə naziri olanda Azərbaycanla çox yaxın münasibətlərim var idi. Biz Azərbaycanla olan qardaşlığımızı hər şeydən üstün tuturuq. Ona görə də beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqini MHP qəbul etməz. Bunu bütün qardaşlarımıza bu şəkildə çatdırın”.
Osman Durmuş protokolların ləğvinin zəruriliyini partiya liderinə xatırladacağını bildirib: “Mən bunu hörmətli sədrimizə deyəcəyəm və İstanbul millət vəkilimiz Atilla Kaya ilə birlikdə parlamentə sorğu verəcəyik. Lakin bu hökumət protokolları ləğv etməz. Çünki özlərini hamıdan ağıllı sayırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar