Venesiya Komissiyasının nümayəndə heyəti Məzahir Pənahovla görüşüb
24 sentyabr 2010 17:13 (UTC +04:00)

Venesiya Komissiyasının nümayəndə heyəti Məzahir Pənahovla görüşüb

Bu gün Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.


MSK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Məzahir Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyası hər zaman beynəlxalq qurumlarla münasibətlərə ciddi önəm verir və Avropa Şurası, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıqdan məmnunluq duyur.


Venesiya Komissiyası ilə MSK-nın uzun müddətdən bəri sıx əməkdaşlığının mövcud olduğunu vurğulayan Venesiya Komissiyası katibi Azərbaycanın iqtisadi sahədə ciddi tərəqqi əldə etdiyini nəzərə çatdırıb. O qeyd edib ki, bu resurslardan həmçinin demokratiyanın inkişafı üçün də geniş istifadə olunmasından çox məmnundur.


Venesiya Komissiyasının nümayəndə heyəti seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanıblar. Məzahir Pənahov seçici siyahılarının dəqiqləşdirilməsindən danışaraq bu prosesin yanvar yaından başlandığını və hazırda da davam etdirildiyi söyləyib. O. oktyabr ayında da aşağı seçki komissiyaları üçün trenerlərin hazırlanması ilə bağlı birgə treninqlərin təşkil ediləcəyini bildirib.


Qonaqlar MSK-nın Azərbaycanda seçkilərin təşkili və keçirilməsi sahəsində, habelə seçici siyahılarının dəqiqləşdirilməsi işində böyük uğurlar əldə etdiyini vurğulamış, seçkilərə hazırlıqla bağlı görülən işlərdən razılıqlarını dilə gətiriblər. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurasının Venesiya Komissiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.
# 604

Oxşar yazılar