“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir”
23 sentyabr 2010 17:19 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir və bu dövlətin ərazi bütövlüyünü dəstəkləyir, bu ölkənin yurisdiksiyasına daxil olan rayonların işğal olunması faktını qəbul edir”.


APA-nın Moskvaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB və soydaşların işi üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski söyləyib. O tez-tez Bakı və İrəvanda olduğunu bildirib: “Hər iki ölkədə Rusiyanın bu münaqişəni həll etməli olduğu sözlərini eşidirəm. Lakin Rusiya bu münaqişəni təkbaşına həll edə bilməz. Yol xəritəsi var, prezident Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentləri ilə görüşür. Bu problemin həlli qarşısında əsas maneə Ermənistan və Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsidir. Dağlıq Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan münasibətlərinin çərçivəsindən kənara çıxıb, lakin hər iki tərəf siyasi iradə nümayiş etdirməyənə qədər münaqişə həll olunmamış qalacaq”.


Aleksey Ostrovski ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə lüzum görmədiyini bildirib: “Fikrimcə, bu qəbul oluna biləcək formatdır, lakin Minsk Qrupunda Rusiya istisna olmaqla heç kim 100 faiz bu münaqişənin nizamlanmasında maraqlı deyil. Bu məsələdə son dərəcə maraqlı olan Rusiyadır, çünki biz coğrafi baxımdan qonşuyuq, həm Ermənistan, həm də Azərbaycanla strateji münasibətlərimiz var”.


Komitə sədri Dövlət Dumasının deputatı, MDB və soydaşların işi üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Zatulin tez-tez Azərbaycanın əleyhinə, ermənipərəst mövqe nümayiş etdirir. O mənim iradəmdən asılı olmayaraq komitədə müavinimdir. Zatulin maraqlı tərəf olduğunu kifayət qədər açıq-aşkar göstərir və onunla bağlı sualı mənə deyil, onun təmsilçisi olduğu “Yedinaya Rossiya” partiyasına ünvanlasanız daha yaxşı olar”.
# 595

Oxşar yazılar