Türkiyədə partiya liderləri mesajlarını verdilər
13 sentyabr 2010 11:04 (UTC +04:00)

Türkiyədə partiya liderləri mesajlarını verdilər

Türkiyədə keçirilən referendumda səsverməyə qatılan seçicilərin 58 faizinin Konstitusiyaya dəyişiklikləri dəstəkləməsinin açıqlanmasından sonra partiya sədrləri açıqlama veriblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir, hakim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan referendumda “bəli” və “xeyir” deyənləri təbrik edib, bu səsvermə ilə çevriliş düşüncəsinin məğlub olduğunu, demokratiyanın qalib gəldiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan referendumda dəyişiklikləri dəstəkləyən CHP, MHP, BDP üzvlərinə, o cümlədən tərəfdarlarını Konstitusiyaya dəyişikliklərə dəstək verməyə çağıran nurçular təriqətinin ABŞ-da yaşayan lideri Fətullah Gülənə təşəkkür edib.

Ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu bildirib ki, hökumət seçicilərin iradəsini təzyiq altında saxlayıb, AKP tamamilə öz məhkəmə sistemini formalaşdırmaq yönündə addım atıb: “Nəticə iki qütblü siyasətə xidmət edir. Belə durumda sağlam demokratiyaya qovuşmamız mümkün deyil. Referendumda seçicilərin 42 faizinin bu dəyişikliklərə yox deməsində payımız var”.


O, CHP kimi dəyişikliklərə qarşı çıxan MHP-ni isə səylə çalışmamaqda günahlandırıb: “Biz 70 rayonda mitinq keçirdik, Türkiyəni dolaşdıq. Amma bizimlə birlikdə yox istəyən digər müxalifət partiyası bizim qədər çalışmadı”.


Kamal Kılıdaroğlu qeyd edib ki, xalqın iradəsinə hörmətlə yanaşacaqlar: “Ancaq Türkiyə iki nəfərdən birini sevindirən qərarla yoluna davam edə bilməz. Əgər AKP uzlaşma yolu ilə yeni Konstitusiya layihəsi hazırlayarsa, buna da dəstək verərik. Biz növbədənkənar seçkiyə də hazırıq”.


Parlament seçkilərində qalib gəldiyi bölgələrdə, o cümlədən qalası sayılan Osmaniyyədə gözlənilməz nəticə ilə üzləşən MHP-nin lideri Dövlət Bağçalı isə hesab edir ki, Türkiyə təhlükələrlə dolu qaranlıq bir dönəmə daxil olub: “Referendum kampaniyasında AKP-nin dövlətin imkanlarını səfərbər etməsi, təzyiq, rüşvət, yalan və təhdid də daxil, hüquq və əxlaqdan kənar vasitələrdən istifadə etməsi siyasi tariximizə qara bir səhifə olaraq keçib. Buna baxmayaraq, referenduma hər kəsin sayğı ilə yanaşması lazımdır”.

Dövlət Bağçalı da düşünür ki, AKP-nin əsas məqsədi öz təsirində olan məhkəmə sistemi formalaşdırmaqdır: “Bu gizli məqsədə xidmət edən Konstitusiya dəyişikliklərinin Türkiyə milləti tərəfindən qəbul edilməsi ilə ölkəmiz risklərlə və təhlükələrlə dolu bir yola qədəm qoyub. Baş nazir Rəcəb Tayyib Ərdoğanın gələn il gündəmə gətirəcəyi yeni Konstitusiya layihəsi isə PKK açılımını özündə ehtiva edir və bununla da Türkiyənin etnik baxımdan bölünmə prosesinə məhkum edilməsi qaçılmaz olacaq. Rəcəb Tayyib Ərdoğanı məsuliyyətini anlayaraq təcili növbədənkənar seçkilərə getməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar