Həmsədrlər erməniləri qəzəbləndiriblər
09 sentyabr 2010 11:47 (UTC +04:00)

Həmsədrlər erməniləri qəzəbləndiriblər

Sentyabrın 8-də Tərtər-Ağdərə istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərək işğal altında olan ərazilərə səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdən sonra erməni jurnalistlərin suallarını cavablandırıblar.


APA-nın məlumatına görə, suallara, əsasən fransalı həmsədr cavab verib. Lakin onun cavabları erməni jurnalistlərin ürəyincə olmayıb. B.Fasienin sözləri erməniləri o dərəcədə narazı salıb ki, Ermənistan mətbuatı həmin dialoqu “ATƏT-in Minsk Qrupu həmsədrlərinin “qüsurlu siması” başlığı altında verib. “Armtoday” agentliyinə istinadən B.Fasienin jurnalistlərlə söhbətini diqqətə çatdırırıq.


B. Fasie açıqlamasının əvvəlində qeyd edib ki, birbaşa Bakıdan gələrək təmas xəttini keçiblər və bu, artıq hadisədir: “Mən artıq 6 ildir, vasitəçiyəm və həmişə bunu etmək istəmişəm. Biz artıq doqquzuncu dəfədir ki, regiona səfər edirik. Xoşbəxtlikdən bu indi mümkün oldu”.


B.Fasienin bu hadisəni xoşbəxtlik adlandırması erməni jurnalistlərin təəccübünə səbəb olub. Onlar “Bunun nəyi xoşbəxtlikdir” sualına cavab olaraq, B.Fasie bunun üçün Bakı, İrəvan və Xankəndindən razılıq almağın zəruriliyini diqqətə çatdırıb. Hazırkı səfərin əvvəlkindən nə ilə fərqlənməsi ilə bağlı suala cavabında B.Fasie Bakı və Xankəndində keçirdikləri görüşlər barədə ətraflı danışmayıb: “Biz səfərimizi hələ başa vurmamışıq. İrəvanda Ermənistan rəhbərliyi ilə görüş keçirdikdən sonra bəyanat yayacağıq”.



B.Fasienin jurnalistlərlə dialoqunun maraqlı hissəsi isə burdan başlayıb. Erməni jurnalistin “Məlumat vardı ki, Qarabağla sərhəddə monitorinq keçiriləcək” sözlərinə B.Fasienin cavabı belə olub: “Bu, monitorinq yox, təmas xəttinin keçilməsi idi. Biz sərhədi yox, təmas xəttini keçdik. Biz göstərməliyik ki, bu, sərhəd deyil”.


B.Fasienin bu sözlərindən qəzəblənən erməni jurnalist isə onlar üçün təmas xəttinin sərhəd olduğunu bildirib.


Həmsədr erməni jurnalistin bu replikasına əhəmiyyət verməyərək, regiona səfərin yekunlarına dair bəyanata yayacaqlarını deyib.


Bundan sonra erməni jurnalistlər təmas xəttində son vaxtlar müşahidə olunan aktivliyə diqqət çəkməyə çalışsalar da, vasitəçi bununla bağlı səfərdən öncə bəyanat verdiklərini, bu məsələyə münasibətlərinin orada əksini tapdığını xatırladıb.


Bu yerdə erməni jurnalistin daha bir təxribatçı sualı səslənib: “Siz həmin bəyanatda atəşkəsə riayət etmək üçün bütün tərəflərə müraciət etmisiniz. Halbuki hər kəsə aydındır ki, atəşkəsi Azərbaycan tərəfi pozur”.


B.Fasie isə bu mövqe ilə razılaşmayaraq, bu sözlərin adi şikayət olduğunu deyib və erməni jurnalistlərə sentyabrın 6-da verilmiş bəyanatı diqqətlə oxumağı tövsiyə edib.


Fransalı diplomat bundan sonra daha heç bir sualı cavablandırmayıb.


Qeyd edək ki, B.Fasienin bu mövqeyi erməniləri o dərəcədə hiddətləndirib ki, onlar dialoqun sonunda (“No comment”) (“Şərhsiz”) sözü yazmaqdan belə özlərini saxlaya bilməyiblər.


Xatırladaq ki, sentyabrın 6-dan regionda səfərdə olan vasitəçilər sentyabrın 7-də Bakıda Azərbaycan rəhbərliyi, sentyabrın 8-də isə Xankəndində separatçıların lideri ilə danışıqlar aparıblar. Bu gün isə həmsədrlər İrəvanda Ermənistan rəhbərliyi görüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar