“Yol xəritəsi” Azərbaycan üçün ziyanlıdır
24 aprel 2009 16:30 (UTC +04:00)

“Yol xəritəsi” Azərbaycan üçün ziyanlıdır

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ortaya çıxan “yol xəritəsi” qətiyyən Azərbaycanın xeyrinə deyil.

Əgər Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarını türk torpağı hesab etmirsə, onda bu anlaşma onlara sərf edir. Amma “yol xəritəsi” belə olmamalıdır”.

Bu sözləri APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə Türkiyə-Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan “yol xəritəsi”nin müəyyənləşməsinə münasibət bildirərkən deyib. Politoloq bu “yol xəritəsi”nin nə zamansa işləyəcəyinə şübhə ilə yanaşdığını qeyd edib: “İndiyə qədər heç bir “yol xəritəsi” nəticə verməyib. Bu sənədə isə ictimaiyyətin gözünə kül üfürmək kimi baxıram”. V. Quluzadənin sözlərinə görə, sənəddə Dağlıq Qarabağla bağlı heç bir müddəanın olmaması mənfi haldır: “Ermənistan Türkiyənin sərhədini tanımır və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Yaxşı olar ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanısın. Bunu etsə, soyqırımı iddialarından da bir qədər imtina etmiş olacaq”. V. Quluzadə hesab edir ki, birgə soyqırımı komissiyası yaradılarsa, o zaman kimin kimə qarşı soyqırımı etdiyi bəlli olacaq: “Komissiya obyektiv araşdırma ortaya çıxarsa, ermənilərin soyqırımı həyata keçidliyi bəlli olacaq. Mən ortaq komissiyanın yaranması təşəbbüsünü alqışlayıram”.

Politoloq Rasim Musabəyov isə APA-ya iki dövlət arasında problemlərin müzakirələr nəticəsində aradan qaldırılmasının müsbət hal olduğunu qeyd edib: “Amma məsələ “yol xəritəsi”ndəki əksini tapan müddəalarla məhdudlaşmır. Rəcəb Tayyib Ərdoğan da bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq. Əgər ermənilər “Qars müqaviləsi”ni qəbul etsələr, dövlətlər arasında problemlər bir qədər azalar. Hər halda iki tərəfdən də maraq olarsa, bu məsələlər kompromis əsasında nizamlana bilər”.

Politoloq Mübariz Əhmədoğlu da hesab edir ki, “yol xəritəsi” başqa formada tərtib olunsaydı, daha yaxşı olardı: “Ermənistan deyir ki, Türkiyənin sərhəd əraziləri bütövlükdə Ermənistanındır. Müstəqillik haqda bəyənməsində və Konstitusiyasında da bu məsələ əksini tapıb. Mən düşünürəm ki, “yol xəritəsi”nə həmin bəyannamənin və Konstitusiyanın dəyişdirilməsi məsələsi salınmalı idi, Qars müqaviləsi yox. Digər tərəfdən, soyqırımı ilə bağlı birgə komissiyada üçüncü dövlətlərin iştirakı Türkiyənin ziyanınadır. Orada majoritar səsvermə mexanizmi olacaqsa, o zaman Ermənistan Türkiyəni üstələyəcək. Həmin komissiya Avropa dövlətlərini əlində Türkiyəyə təzyiq alətinə çevriləcək. Ticarət əlaqələrinə gəldikdə, tərəflər arasında onsuz da ticarət əməkdaşlığı var. Əslində, indiki məqamda bu əlaqələri sıfıra gətirmək lazımdır. Səfirliklərin akkreditəsini isə müzakirə etməyə ehtiyac yoxdur. Adətən belə nümayəndəliklər neytral dövlət statusuna malik olduğu üçün İsveç və ya İsveçrədə olur. Amma bunlar qonşu dövlət kimi Gürcüstanı seçiblər ki, bu da o qədər əhəmiyyətli məsələ deyil”. M. Əhmədoğlunu fikrincə, nəzərdə tutulan məsələlər yalnız parlamentdə ratifikasiya olunduqdan sonra qüvvəyə minməlidir.

Politoloq Rüstəm Məmmədov isə APA-ya bildirib ki, “yol xəritəsi”ndəki bütün məsələlər Ermənistanın blokadadan çıxmasına yönəlib: “Ermənistanın blokadadan çıxmasının yalnız bir şərti var: Dağlıq Qarabağ torpaqlarının azad edilməsi. Sənədə də bu müddəa salınmalı idi. Ona görə də hazırkı “yol xəritəsi” əhəmiyyətsiz bir layihədir. Ermənistan Türkiyənin ərazi bütövlüyünü bu vaxta qədər tanımayıbsa, bundan sonra tanıyacağı gözləmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar