Sülhməramlılar Əfqanıstanda narkotik istehsalına şərait yaradır?
23 aprel 2009 19:00 (UTC +04:00)

Sülhməramlılar Əfqanıstanda narkotik istehsalına şərait yaradır?

BMT nümayəndəsi: “Əfqanıstanda narkotik vasitələrin istehsalının artımı 1988-ci ildən başlayıb”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşəbbüsü ilə ötən ay narkomaniyaya Qarşı Mübariz üzrə Xəzər Dənizi Təşəbbüs Qrupu adlı yeni birlik yaradılıb. Bu birlik xəzəryanı ölkələr arasında narkotik vasitələrlə mübarizəyə dair informasiya mübadiləsi və əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan Bakıya səfərinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu qrupun yaradılması regionda narkotik vasitələrdən istifadənin genişlənməsinə qarşı mübarizənin gücləndirilməsi zərurətindən yaranıb.

“Əfqanıstanda narkotik vasitələrin istehsalının kəskin şəkildə artması Xəzər regionundan, xüsusən də İran və Azərbaycan ərazilərindən tranzit kimi istifadə olunmasına geniş şərait yaradıb. Ona görə də bu yaxınlarda Xəzər Dənizi Təşəbbüs Qrupunu yaratdıq və bu qrup vasitəsilə narkobiznesin yayılmasına qarşı daha təsirli tədbirlər görüləcək” - deyə, Ceyms Kallahan bildirib.

BMT təmsilçisi Əfqanıstanda narkotik vasitələrin istehsalının birdən-birə artmasının bu ölkənin sülhməramlı qüvvələrin nəzarətinə keçməsindən sonraya təsadüf etməsi barədə səslənən fikirlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Əfqanıstanda narkotik vasitələrin istehsalının artımı 1988-ci ildən başlayıb: “Amma biz o fikirlə də razıyıq ki, bu artım 2001-ci ildən sonra bir az da çoxalıb. Lakin bunun sülhməramlıların Əfqanıstana yeridilməsi əlaqəli olduğunu deyə bilmərəm. Sadəcə, orada narkotik vasitələrin istehsalının artması bəzi qanunlara edilən dəyişikliklərin nəticəsidir. Çünki yeni qaydalar fermerlərə narkotik vasitələrin istehsalı üçün daha sərfəli şərait yaradıb”.

Elxan SALAHOV
# 768

Oxşar yazılar