Nurəddin Aras: “...ermənilər boş yerə əziyyət çəkməsinlər”
22 aprel 2009 10:00 (UTC +04:00)

Nurəddin Aras: “...ermənilər boş yerə əziyyət çəkməsinlər”

“Türkiyə-Ermənistan sərhədləri yalnız müəyyən şərtlər əsasında açıla bilər. İlk şərt isə odur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmalıdır”.

Bu sözləri APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında İrəvan Türkləri Dayanışma Dərnəyinin rəhbəri, İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Aras deyib: “Türkiyə rəsmilərinin heç birinin dilindən “Ermənistanla sərhədlər açılacaq” deyə bir söz eşitmədik. Amma hər iki ölkə mediasında “Əlican keçid məntəqəsinin açılışına hazırlıqlar var” deyə xəbərlər yer alıb. Biz dərhal həmin əraziyə getdik və vəziyyəti öyrəndik. Orada heç bir çalışma görmədik. Belə başa düşülür ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin pozulmasında maraqlı olan şəxslər yalan xəbərlər yayaraq, iki ölkəni üz-üzə qoymaq istəyir. Bu bizim arzulamadığımız şeylərdir”.

N. Aras bildirib ki, Türkiyə və Azərbaycan bölgədə mütləq birgə hərəkət etməlidir: “Biz İğdırda yaşayan Azərbaycan türkləri indiki vəziyyətdə heç bir şərt daxilində sərhədlərin açılmasını istəmirik. Bizim razılığımız olmadan, Azərbaycanın razılığı olmadan ermənilər işğal etdikləri torpaqlardan çıxmadan, dağıtdıqları maddi irs abidələrini bərpa etmədən, “Böyük Ermənistan” xəyallarından vaz keçmədən, ərazi və saxta “soyqırımı” iddialarından imtina olunmadan sərhədlərin açılmasına icazə vermərik”.

Ermənilərin hər il aprelin 24-də qondarma “soyqrımı” iddialarını gündəmə gətirdiklərini, 1,5 milyon erməninin öldürüldüyünü iddia etdiklərini, dünya parlamentlərində bu iddianın qəbuluna çalışdıqlarını xatırladan sabiq bələdiyyə başqanı bunları deyib: “Göstərsinlər görək, Türkiyənin harasındasa 1,5 milyon insanının öldürülməsini isbatlayacaq heç olmasa bircə erməni kütləvi məzarlığı varmı? Amma təkcə İğdırda ermənilərin qətlə yetirdiyi türklərin dəfn olunduğu 16 kütləvi məzarlığın yerini müəyyənləşdirmişik. Bu məzarlıqların açılması üçün müvafiq qurumlara müraciət etmişik. Yaxın zamanlarda elm adamlarının iştirakı ilə kütləvi məzarlılarda qazıntı işləri aparılacaq. Bütün dünyaya sübut edəcəyik ki, ermənilər türk xalqına qarşı soyqırımı həyata keçiriblər. Bizim atalarımız soyqırımına məruz qalıblar. Əlimizdə bunu təsdiq edən çoxlu sənəd-sübut var. Ermənilər sonuncu dəfə Xocalıda 613 günahsız insanı qətlə yetirib. Onlar dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. İndi isə “olan olub” deyərək, sərhədlərin açılmasını istəyirlər. Türk milləti böyük millətdir, hər şeyi tez unudur. Amma qəlbinə vurulan belə yaraları asanlıqla unutmaz. Ermənilər xarici təzyiqlər nəticəsində sərhədlərin açılacağını hesab edirlər, amma boş yerə əziyyət çəkməsinlər. Türkiyənin bu məslə ilə bağlı vahid dövlət siyasəti var. Sərhədlər yalnız müəyyən şərtlər daxilində açıla bilər. İlk şərt isə odur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar