Novruz Məmmədov: “Türkiyə sərhəd məsələsini başqa cür həll etsəydi, daha yaxşı olardı”
14 aprel 2009 13:00 (UTC +04:00)

Novruz Məmmədov: “Türkiyə sərhəd məsələsini başqa cür həll etsəydi, daha yaxşı olardı”

“Ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında əlaqələr qurulmalıdır”

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqların aparılmasında prinsip etibarı ilə problem yoxdur. Biz öz mövqeyimizi bildirmişik. Mənə elə gəlir ki, bizim mövqe Türkiyə tərəfindən də başa düşülüb. Bu proseslər Cənubi Qafqazda baş verdiyi üçün bizi müəyyən mənada narahat edir”. Bunu APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə danışıqlara münasibət bildirərkən deyib.

N. Məmmədov qeyd edib ki, bu proses başqa cür həyata keçirilsəydi, daha yaxşı olardı: “Həm Türkiyə, həm Azərbaycanın maraqlarına uyğun gələrdi, həm də Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olmasına daha yaxşı gömək edərdi. Bununla belə, Türkiyə rəhbərlərinin son bəyanatlarından da görünür ki, onlar özləri də bu məsələni yaxşı başa düşürlər və Azərbaycanın mövqeyini nəzərə almamış deyillər. Onların bəyanatlarında da deyilir, biz də hesab edirik ki, ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında əlaqələr qurulmalıdır. Biz də sərhədlərin açılmasına etiraz etmirik, amma istədiyimiz budur ki, məsələ daha düzgün formada həllini tapsın, Türkiyə rəhbərlərinin müstəqilliyimizin ilk günündən bu günə qədər özlərinin qoyduğu şərtlər əsasında həll olunsun. Bunlar Turqut Özal, Süleyman Dəmirəl, Əhməd Necdət Sezər, elə Türkiyənin indiki rəhbərlərinin də irəli sürdüyü şərtlərdir. Məsələ bu şərtlər əsasında həllini tapmalıdır (Ermənistanın Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından çəkilməsi və işğal etdiyi Azərbaycan ərazilərini boşaltması - red.). Söhbət bundan gedir”.

Şöbə müdiri bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri heç vaxt heç kim tərəfindən pozula, bu münasibətlərə soyuqluq gətirilə bilməz: “Çünki bu xalqlar qardaşdır, eyni millətdir, qardaş dövlətlərdir. Ölkələrimiz arasında münasibətlər əsrlər boyu formalaşıb”.

Prezident İlham Əliyevin aprelin 16-na nəzərdə tutulan Moskva səfəri zamanı bu məsələnin müzakirə olunub-olunmayacağı barədə sualın cavabında N. Məmmədov deyib ki, səfər işgüzar xarakter daşıdığından konkret fikir bildirmək mümkün deyil: “Səfər zamanı Azərbaycanla Rusiya arasında maraq doğuran məsələlər, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılacaq”.

N. Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan prezidenti Serj Sərkisyanla Praqada görüşmək barədə təklifi ilə bağlı hələlik qərar vermədiyini də söyləyib.
# 942

Oxşar yazılar