Millət vəkilləri şəhid əsgərlərin ailəsinə baş çəkiblər
04 sentyabr 2010 10:38 (UTC +04:00)

Millət vəkilləri şəhid əsgərlərin ailəsinə baş çəkiblər

Lent.az-ın məlumatına görə, millət vəkilləri ilk öncə Sabirabad rayonunun Xəlfəli kəndinə şəhid Abdullayev Pərvin Nəbi oğlunun ailəsinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.

Sonra şəhidin qəbrini ziyarət ediblər. Bundan sonra deputatlar İmişli rayonunun Xoşçobanlı kəndinə gedərək şəhid Əmirov Vüqar Əmirəli oğlununun ailəsinə baş çəkərək şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı verib, şəhidin qəbrini ziyarət ediblər.

Qeyd edək ki, avqustun 31-də Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - 2009-cu ilin aprelində İmişli Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Əmirov Vüqar Əmirəli oğlu və 2009-cu ilin aprelində Sabirabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olublar.

Millət vəkilləri şəhid ailələri və yaxınları ilə görüşlərdə bildiriblər ki, vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bu gün dünyadakı 50 milyondan artıq azərbaycanlı fəxr edir və onların ruhu qarşısında baş əyir. Böyüyən gəncliyimiz bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir deyən millət vəkilləri vətən üçün, torpağımız üçün canından keçən qəhrəmanlarımızın, şəhidlərimizin əbədilik Azərbaycan tarixində yaşayacağını deyiblər. Şəhid ailələrinə “biz şəhidlərimizlə yanaşı bu cür övlad böyütdüyünüz üçün sizin də qarşınızda baş əyirik” deyən millət vəkilləri Ali Baş Komandan, prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hamımız, hər bir azərbaycanlı üçün örnək olmalıdır, hamımız onlara böyük diqqət göstərməliyik deyiblər. Şəhid ailələri övladlarının vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına inandıqlarını deyiblər. Millət vəkilləri, o gün uzaqda deyil, bayrağımız Qarabağımızda və işğaldan azad edəcəyimiz bütün torpaqlarımızda yenidən dalğalanacaq və şəhidlərimizin ruhu şad olacaq söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar