Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə ləğv olundu
10 avqust 2010 15:30 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə ləğv olundu

Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyasi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə fərmanda aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilsin.

2. Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil edilsin.

3. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilsinlər.

4. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılsınlar.

5. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası müəyyən edilsin.

6. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 672) qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fərmanın 2-ci, 3-cü, 5-ci və 6-cı bəndləri 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
# 633

Oxşar yazılar