Amerikalı analitik: “İran ən azı regionda təcavüzkar hərəkətlərini sürətləndirəcək”
02 sentyabr 2010 13:44 (UTC +04:00)

Amerikalı analitik: “İran ən azı regionda təcavüzkar hərəkətlərini sürətləndirəcək”

Mark Dubovits (Mark Dubowitz) İran, terrorçuluq və digər məsələləri tədqiq edir. O, İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Konqres qarşısında ifadə verib və ABŞ hərbçilərini, ABŞ, Avropa və Kanada hökumət nümayəndələrini milli təhlükəsizlik və terrorizmlə mübarizə barədə məlumatlandırıb.


- ABŞ İranın siyasətini təkcə İran xalqı üçün deyil, bütöv region üçün təhlükəli sayır. Sizcə İran region üçün hansı təhlükəni yaradır? Azərbaycan kimi ölkələr bundan narahat olmalıdırmı və necə hərəkət etməlidirlər?
- Nüvə silahına malik İran regionun digər dövlətlərini məcbur edəcək ki, onlar da İrandan gələn təhlükəyə qarşı dayanmaq üçün nüvə silahı əldə etsinlər. Nüvə silahına malik 12-15 ölkənin yerləşdiyi region Azərbaycanın təhlükəsizliyinə ciddi hədədir və burada hər hansı bir səhv hesablama, qəza və ya beynəlxalq miqyaslı təcavüzkar aksiya nüvə müharibəsinə gətirib çıxara bilər. Nüvə silahına malik İran ən azı regionda təcavüzkar hərəkətlərini və qonşularına qarşı fəaliyyətini sürətləndirəcək və bunun üçün cəzalanacağından qorxmayacaq.


- İran probleminin həllini beynəlxalq perspektivdən necə görürsünüz? Əgər regionda hərbi qüvvələri artırmaq qərarı olarsa, bu ölkənin qonşuları necə hərəkət edəcəklər?
- Bu məsələnin həlli İran rejimini zəiflədəcək iqtisadi təzyiq kampaniyasındadır ki, bu da İranı beynəlxalq enerji və maliyyə bazarlarından təcrid etmək məqsədi daşıyır. Enerji sektoru regionun “Axill dabanı”dır və hökumət gəlirlərinin 75 faizini, ixrac gəlirlərinin 80 faizini təşkil edir. BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi İranın enerji sənayesi ilə nüvə silahı proqramı arasında həlqə yaradır. Enerji sektorunun zəiflədilməsi İranın nüvə silahı proqramını durdurmaq və İran rejimini insan haqlarının amansızcasına tapdalanmasına və terrorçuluq fəaliyyətinə görə cavab verməyə məcbur etmək üçün sonuncu dinc şansdır.


- Beynəlxalq birlik İrana qarşı yeni sanksiyaları müzakirə etdiyi halda İran qonşuları ilə enerji və iqtisadi əlaqələri genişləndirəcəyini bəyan edir. İranla qonşu dövlətlərə nə məsləhət verərdiniz?
- İranla qısamüddətli biznes sazişlərinin əhəmiyyətli qiyməti var. Beynəlxalq sanksiyalara davam gətirmək üçün İran rejiminə həyatı əhəmiyyətli iqtisadi kömək etməklə, İranın qonşuları iki fəlakətli ssenaridən – nüvə silahlı İranın regionda nüvə silahının sürətlə yayılmasına səbəb olması və ya bunun mümkünlüyünün qarşısını almaq üçün hərbi zərbələrin endirilməsi – birinin reallaşma ehtimalını artırırlar.
# 631

Oxşar yazılar