Dmitri Medvedyev Azərbaycana gəlir
02 sentyabr 2010 11:00 (UTC +04:00)

Dmitri Medvedyev Azərbaycana gəlir

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib.

Rusiya prezidentinin Bakıya səfəri sentyabrın 3-də başa çatacaq.

Prixodko bildirib ki, səfərin yekununda dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir.

İmzalanacaq müqavilə əsasında Rusiya və Azərbaycanın dövlət sərhədinin dəqiqləşəcəyinin deyən prezident köməkçisi Azərbaycanın ilk belə müqaviləni Rusiya ilə imzaladığını nəzərə çatdırıb.

Hökumətlərarası müqaviləyə gəldikdə Sergey Prixodko qeyd edib ki, bu sənəd Samur çayının su ehtiyatlarının paritet əsaslarda istifadə olunmasını təmin edəcək Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yaradılmasını nəzərdə tutur: “Bu sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün əsas rolunu oynayacaq, Qafqazda təhlükəsizlik və stabilliyin bərqərar olmasına real töhfəsini vermiş olacaq”.

Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq məsələlərinə də geniş diqqət ayrılması nəzərdə tutulur.

2009-cu ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,78 milyard dollar təşkil edib.

Sergey Prixodko bildirib ki, ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə qarşılıqlı fəaliyyət, təbii ehtiyatların mənimsənilməsi, ekologiyanın mühafizəsi, həmsərhəd regionların əməkdaşlıq məsələləri, neft-qaz sahəsində əməkdaşlıq, həmçinin sərmayə yatırımında qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək.

Azərbaycan və Rusiya prezidentləri beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.

Sergey Prixodko Rusiya prezidentinin səfər proqramını da açıqlayıb. Onun sözlərinə görə, səfərin ilk günü Dmitri Medvedyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu gün Rusiya dövlət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adından verilən rəsmi nahara qatılacaq.

Sabah Bakıda əvvəlcə prezidentlər səviyyəsində, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq. Danışıqlardan sonra sənədlərin imzalanması nəzərdə tutulur. ARDNŞ ilə “Qazprom” arasında Rusiya holdinqinin 2011-2012-ci illərdə Azərbaycandan satın aldığı mavi yanacağın həcminin artırılmasını nəzərdə tutan əlavə saziş imzalanması gözlənilir.

“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller iyunda bəyan edib ki, holdinq Azərbaycanın təklif etdiyi mavi yanacağı tam həcmdə almaqda maraqlıdır. Azərbaycan Rusiyaya qaz nəqlinə bu il yanvarın 1-dən başlayıb. ARDNŞ və “Qazprom” ötən ilin oktyabrında 2010-2015-ci illərdə Azərbaycan qazının sonradan həcminin arıtırlması nəzərdə tutulmaqda alqı-satqısına dair saziş imzalayıblar. “Qazprom” ilk əvvəl bu il Azərbaycandan 0,5 milyard kubmetr qaz almağı nəzərdə tutsa da, sonradan şirkətlər bu həcmi artırmaq barədə razılığa gəliblər. Beləliklə Rusiya Azərbaycandan 2010-cu ildə 1 milyard kubmetr, gələn il isə 2 milyard kubmetr mavi yanacaq alacaq.

Dmitri Medvedyev səfər çərçivəsində Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə də görüşəcək. Rusiya prezidenti bu universitetin fəxri doktorluq diplomu ilə təltif olunacaq.

Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini, prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bir sıra regionları rəhbərləri, o cümlədən Dağıstan və İnquşetiya prezidentləri, həmçinin Rusiya biznesinin nümayəndələri, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller müşayitə edəcəklər.
# 614

Oxşar yazılar