Güney Azərbaycanda son 10 gündə tutulanların sayı 30 nəfəri keçib
01 iyun 2010 12:45 (UTC +04:00)

Güney Azərbaycanda son 10 gündə tutulanların sayı 30 nəfəri keçib

Ötən həftə də Tehran hakimiyyəti Güney Azərbaycan ziyalılarına qarşı basqıları davam etdirib.

Azərbaycanda tanınan yazıçı, jurnalist, hüquq müdafiəçisi Əkbər Azad Tehranda öz şəxsi mənzilində həbs edilib.

Lent.az-ın “butovazerbaycanbirilyi”-nə istinadən məlumatında bildirilib ki, İran təhlükəsizlik qurumunun əməkdaşları onu tutmaqla yanaşı, ailə üzvlərinə və Ə.Azada məxsus üç kompüteri müsadirə ediblər.

SANA-nın məlumatında isə bildirilib ki, bu azərbaycanlı ziyalı əvvəllər də 3 dəfə həbs olunaraq Əhər, Təbriz və Tehrandakı həbsxanalarda qalıb. 100 gün təkadamlıq kamerada saxlanılıb.

Ötən illərdə Babək qalasına yürüşdə iştirakına görə inqilab məhkəməsinin Kəleybərdəki (Güney Azərbaycanın Qaradağ mahalının şəhəri) yerli şöbəsi Ə.Azad barəsində həbs qərarı vermişdi.

O, uşaqların təlim və tərbiyəsi məşğul olan “Çiçəklər” quruluşunun, Azərbaycan mədəni dərnəklər birliyinin, dil və milli-mədəni ocağının təsisçilərindən olmaqla yanaşı, Tehranda Azərbaycan türkcəsində çıxan “Varlıq” dərgisinin yazarlarındandır. Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı Ə.Azad çoxlu sayda məqalələr yazıb.

Başqa xəbərdə isə bildirilir ki, Güney Azərbaycan qadın hərəkatının fəallarından biri, Həmidə Fərəczadə (Pınar) ETTELAAT-ın Urmiya şəhərindəki yerli bölməsi tərəfindən həbs edilib.

O, Tehran Tibb Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. Qadın hüquqlarını müdafiə etməklə yanaşı, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunması uğrunda mübarizə aparanlardandır. Güney Azərbaycanın Urmiya şəhərindəki Mütəhhəri adına xəstəxanada çalışan Həmidə Fərəczadə bir müddət “Çağrı” dərgisinin redaksiya heyətinin üzvü olub. Bir neçə sayı çıxdıqdan sonra hakimiyyət bu jurnalın qapadılması haqda göstəriş verib.

Atasına məxsus evdə həbs olunmuş bu hüquq müdafiəçisinin kompüteri, CD, kitablar və başqa şəxsi əşyaları ETTELAAT məmurları tərəfindən müsadirə edilib. Yaxınlarına isə həbsin səbəbləri barədə məlumat verilməyib.

Beləliklə, son on gündə Güney Azərbaycanda milli görüşlərinə görə hakimiyyət tərəfindən tutulanların sayı 30-a çatıb. Yerli müşahidəçilər onların sayının daha çox olduğunu istisna etmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar