Milli Məclisdən Rusiya Dövlət Dumasına etiraz
27 may 2010 18:00 (UTC +04:00)

Milli Məclisdən Rusiya Dövlət Dumasına etiraz

Parlament partiyaları Boris Qrızlova məktub yazıblar

Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyalar Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən bu ilin may ayının 23-də keçirilmiş qondarma “parlament seçkiləri”ndə Rusiya Federasiyasının Dövlət Dumasının bir qrup deputatının “müşahidə” missiyasını həyata keçirməsinə etiraz əlaməti olaraq, Dövlət Dumasının sədri Boris Qrızlova məktub ünvanlayıb. Lent.az-ın xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytı məlumat yayıb.

Məktubda bildirilir işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olduğu və legitim sayıla bilinməməsini sübut etməyə ehtiyac olmadığı vurğulanıb: “Dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan sözügedən separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir. Münaqişənin nizama salınması üçün ATƏT-in Minsk qrupunun səylərinə, həmsədr dövlətlərin nizamasalma təkliflərinə məhəl qoymayan Ermənistanın birbaşa iştirakı ilə Dağlıq Qarabağın separatçı rejimi Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə və sülhə başlıca hədə olaraq ömrünü uzatmaqdadır. Belə bir şəraitdə Dağlıq Qarabağ separatçı rejiminin təşkil etldiyi sözügedən “seçki kampaniyası” əslində beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyil. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı çevrilmiş bu hərəkət hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarına ciddi şəkildə mane olur və heç də xoşməramlı məqsədlərə xidmət göstərmir”.

Etiraz məktubunda vurğulanıb ki, erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, dünya birliyi – BMT, ATƏT – in Minsk qrupunun həmsədrləri, Avropa Şurası, Avropa İttifaqı və bir çox dövlətlər separatçıların Dağlıq Qarabağda keçirdikləri “qondarma seçkiləri” tanımadıqları barədə bəyanatlar veriblər: “Lakin təəssüflər olsun ki, Rusiya Dövlət Dumasının deputatları İqor Çerniçenko, Çerkasov Kirill, Volojinskaya Tatyana, Mişenko Maksim, Konstantin Zatulin və eyni zamanda Rusiya Dövlət Duması yanında tələbə parlamentinin üzvü Qalina Ratnikova, Rusiya vətəndaşı Viktor Şeynis və Rusiya Federasiyası strateji mədəniyyət Fondunun eksperti Andrey Areşev müşahidə missiyası adı ilə ölkəmizə qanunsuz daxil olaraq, Dağlıq Qarabağdakı “qondarma parlament seçkilərini” “müşahidə etməklə” əslində separatçıların qeyri-qanuni əməllərinin iştirakçıları olublar. Nəzərinizə çatdırırıq ki, separatçılıq və təcavüzkarlığın birbaşa dəstəkləməsinə yönəlmiş bu cür hərəkətlər Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin qondarma “DQR”də keçirilmiş parlament seçkilərini tanımamaq barədə yaydığı rəsmi mövqeyə və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olmaqla, bu prosesə qatılmış müşahidə missiyasının nümayəndələrini Azərbaycan cəmiyyəti üçün arzuolunmaz şəxslərə çevirib.
Milli Məclisdə təmsil olunan partiyalar tanınmamış separatçı rejimin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirdiyi qanunsuz seçkilərin sizin ölkənin təmsilçisi tərəfindən “izlənməsini” ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna zidd hesab edərək, tərəfinizdən bu hadisəyə adekvat qiymət veriləcəyini gözləyirik”.
Qeyd edək ki, analoji etiraz məktubu Çexiya, Almaniya, ABŞ, İran, Argentina, Slovakiya və Fransa parlamentlərinin rəhbərlərinə də göndərilib.
# 432

Oxşar yazılar