Tel-Əvivdə “Regional münaqişələr və mətbuat” mövzusunda beynəlxalq konfrans keçirilir
05 may 2010 14:00 (UTC +04:00)

Tel-Əvivdə “Regional münaqişələr və mətbuat” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə bu gün Tel-Əviv şəhərində “Regional münaqişələr və mətbuat” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, 7 ölkədən təmsilçilərin iştirak etdiyi konfransda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə millət vəkili Yevda Abramov, “Dağ yəhudiləri” icmasının rəhbəri Semyon İxiilov, “Aşkenazi yəhudiləri” icmasının rəhbəri Gennadi Zelmanoviç, Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarov, Bakı Yəhudi Evinin icraçı direktoru Şaul Davidov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarix elmlər doktoru Elman Nəsirov, politoloq Tofiq Abbasov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “1st news” informasiya agentliyinin baş direktoru Rəhman Hacıyev və digər şəxslər daxildir.

Konfransı Azərbaycan-İsrail Beynəxalq Assosiasiyasının rəhbəri İosif Şaqal açaraq tədbirin əhəmiyyətindən danışıb, onun iştirakçı dövlətlərin mətbu orqanları arasında əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib.

Konfransda çıxış edən İsrail baş nazirinin dəftərxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Naomi Ben Ami də tədbirin əhəmiyyətini vurğulayıb, əlaqələrin dərinləşməsində medianın rolunu qeyd edib.

Tədbirdə çıxış edən N. İbrahimov iki ölkə arasında əlaqələrdən, diasporların birgə fəaliyyətindən söz açıb. Komitə sədri Azərbaycanda həyata keçirilən islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, əlaqələrin inkişafında dövlət başçılarının rolu, Dağlıq Qarabağ münaqişəsi, İsrail-Azərbaycan əlaqələrinin genişlənməsində və möhkəmlənməsində diasporun rolu və digər məsələlər barədə ətraflı məlumat verib.

İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Robet İlatov da Azərbaycan və İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli olduğunu maraqlı olduğunu vurğulayıb. R. İlatov regionda mövcud problemlərin həllində KİV-in rolunu qeyd edib, bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Konfrans iki gün davam edəcək.

Qeyd edək ki, Mayın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışında da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar