Araz Əzimov: “Ermənistan həmsədrlərin təklifini rədd etdiyi üçün danışıqlar prosesində durğunluq yaranıb”
28 avqust 2010 20:11 (UTC +04:00)

Araz Əzimov: “Ermənistan həmsədrlərin təklifini rədd etdiyi üçün danışıqlar prosesində durğunluq yaranıb”

“Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı erməni rəsmilərinin bəyanatları siyasi spekulyasiya xarakterlidir. Bu bəyanatlar bir tərəfdən Ermənistanda daxili ictimai rəyə təsir üçün verilir, digər tərəfdən isə buna bəlkə də Azərbaycana siyasi təzyiq kimi baxıla bilər. Yəni bu bəyanatların uzaqgörənliyi yoxdur. Burada belə mahiyyət də görmürəm”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərin suallarına cavab olaraq Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Nazir müavini açıqlamasında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan öz ərazisində hansısa hərbi əməliyyatlar keçirmək qərarına gəlsə, yəqin ki, öz sərhədindən kənara çıxmağa ehtiyacı qalmaz. Kimsə buna təhrik etməzsə, niyyəti olmayacaq. Həmçinin Azərbaycan işğal altında olan torpaqlarını sülh yolu ilə azad etmək niyyətini davam etdirir”.
A.Əzimov deyib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən səyləri Ermənistan yaxşı qiymətləndirsəydi, problem həll olunardı: “Hələ ki, Ermənistan həmsədrlərin etdiyi təklifləri rədd edir. Bu da danışıqlarda bir durğunluq əmələ gətirib. Əgər mövqelərdə bir dəyişiklik olmazsa, çətin ki, bir nəticə əldə olunsun”.
Nazir müavini daha sonra bildirib ki, Rusiyanın Ermənistandakı bazasının münaqişənin həllinə siyasi təsiri spekulyasiya xarakterlidir: “Anlaşılmalıdır ki, Rusiya Ermənistanda öz hərbi qüvvələrini yerləşdirməklə ümumiyyətlə, Ermənistanla strateji maraqlarını təmin edir. Əlbəttə, bununla Ermənistanın müdafiə gücünü artırır. Aydındır ki, ermənilər bu bazalarda xidmət etməklə, Rusiya ordusu ilə əməkdaşlıq etməklə hərbi potensiallarını artıra bilərlər. Məlumdur ki, Rusiya hərbi hissələrinin Ermənistanda yerləşməsi siyasi strateji faktor kimi regionda ümumi duruma təsir göstərə bilər. Lakin bilavasitə “Azərbaycan Qarabağda bir əməliyyat başlasa, Rusiya Ermənistanı dəstəkləyəcək” kimi bəyanatlar vermək məncə, siyasi məsuliyyətsizlik və hüquqi savadsızlıq kimi qiymətləndirilə bilər. Bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycan ərazisində baş verənlərə bilavasitə əlaqəsi var və əsas iştirakçısıdır. Həm Ermənistanda, həm də Azərbaycanda bu sirr deyil”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ danışıqları ilə bağlı açıqlamasına münasibət bildirən A. Əzimov bunları deyib: “Həmsədrlərin təklifləri razılaşdırılsaydı, nəticə alına bilərdi. Bir məqam razılaşdırılmasa, əhəmiyyətli olduğuna görə yerdə qalan razılıqları da özündən asılı vəziyyətdə sala bilər. Burada əsas məsələ nədir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı iki icmanın birgə yaşamasını təmin edəcək modelin işlənməsinə dəstək verməyə hazırdırmı? Yaxud da başqa sözlə desək, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Ərazi bütövlüyü çərçivəsində məsələlərin həllinə razılıq verirsə, bütün digər məsələlər 1 gün ərzində həll oluna bilər. Sergey Lavrovun qeyd etdiyi məsələnin bu dediklərimə aidiyyəti var. Çünki biz Ermənistan tərəfindən bu əsas sözü eşitməmişik. Beynəlxalq cəmiyyətdə qəbul olunan modeli, yəni ərazi bütövlüyü çərçivəsində regionda yaşayan əhaliyə muxtariyyət səviyyəsində təmin olunacaq təklifi dəstəkləsə, problem asanlıqla həll edilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar