“İlk mərhələdə 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır”
15 mart 2010 11:00 (UTC +04:00)

“İlk mərhələdə 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır”

“Madrid təkliflərini təhlil edirik və düşünürük ki, Afinada təqdim olunan yeniləşmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır”. APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün müharibə variantına əl ata bilərmi” sualına cavab olaraq deyib.

Nazir bildirib ki, istənilən münaqişənin diplomatik yolla həlli imkanları var: “6 ildir, Praqa prosesi davam edir, son 2 il ərzində prezidentlər və xarici işlər nazirləri bir neçə görüş keçirib, vasitəçilər regiona səfərlər ediblər, Madrid təklifləri yeni variantda təqdim olunub. Azərbaycan sənədi ümumilikdə qəbul etməyə imkan yaradır. Bu o deməkdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllini seçib, biz bu yolla gedirik. Ermənistan bu variantı qəbul edib-etməyəcəyini elan etsin, biz də ondan sonra hansı addımları ata biləcəyimizi bildirərik. Biz də XİN-də cürbəcür variantları müzakirə edirik və fikirləşirik ki, hansı şəkildə, hansı yolla bu il müzakirələr getsin”.

Praqa prosesinin 2004-ü ildə başladığını xatırladan nazir bildirib ki, bu, mərhələləri prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb: “Sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır. Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər. Biz dəfələrlə bildirmişik ki dünyada müxtəlif muxtariyyətlər, statuslar var... Məsələn Rusiya Federasiyasında tatarlar, başqırdlar öz müqəddəratlarını təyin eləyiblər, amma Rusiya Federasiyası çərçivəsində...

Biz mərhələli prosesi dəstəkləyirik, çünki inanırıq ki, bütün məsələləri bir gündə həll etmək olmaz. Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını addım-addım çıxararsa, həm iqtisadi, həm də təhlükəsizlik baxımdan region üçün böyük imkanlar açılacaq. Heç kim torpağı götürüb harasa gedə bilməz, istər-istəməz qonşularla düz siyasət qurmalısan. Mən Azərbaycan xarici işlər naziri kimi inanıram ki, ən vacib və yaxşı proses budur. Biz işğal olunmuş ərazilər və məcburi köçkünlər məsələsini danışıqlar masasından götürməliyik. Bu, nə qədlər tez olsa, o qədər yaxşı olar, müharibə ritorikası da aradan qalxar. Müharibə ritorikası ilk növbədə ona görə mövcuddur ki, işğal olunmuş torpaqlar, məcburi köçkünlər problemləri var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar