Şok! “Soyuq Müharibə” planını azərbaycanlı yazıb!
04 fevral 2010 15:00 (UTC +04:00)

Şok! “Soyuq Müharibə” planını azərbaycanlı yazıb!

Mühacirlərin Azərbaycana gətirilən zəngin irsi ilk qadın professorumuzun kimliyini də ortaya çıxarıb

İşğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra xaricdə müstəqilliyimiz uğrunda mübarizə aparan mühacirlərimizin zəngin irsinin bir qismi Azərbaycana gətirilib.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tarixçi alim Nəsiman Yaqublu həmin sənədləri Türkiyə, Almaniya və Polşadan toplayıb.
Bununla bağlı keçirilən tədbirdə Nəsiman Yaqublu dedi ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhmən Fətəlibəyli-Düdənginskinin və başqalarının fəaliyyəti nəticəsində Azərbaycanın işğal edilməsi faktı, haqq səsi dünyaya çatdırılıb. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra mühacirlərimizin zəngin irsini toplayaraq Azərbaycana gətirmək ciddi problem olaraq qalıb.
Məhz bu problemi nəzərə alan Şura mövcud layihəni reallaşdırıb. Əksəriyyəti orijinal olmaqla, toplanmış 200-ə qədər sənəd Milli Arxiv İdarəsinə təhvil veriləcək və bundan bütün ictimaiyyətin faydalanması mümkün olacaq.
Nəsiman Yaqublu bildirdi ki, Azərbaycana ölməz sevgini ürəklərində yaşadan mühacir insanlarımızın çoxu alman, ingilis və digər xalqların nümayəndələri ilə əlaqə qurublar: “Bu gün 80-90 yaşı olan o insanlar, onların övladları müstəqil Azərbaycana dəstək verəcək diasporumuzun, güclü lobbimizin yaranmasında önəmli rol oynaya bilərlər. Biz onların potensialından istifadə etməliyik”.
Daha sonra ekranda toplanmış sənədlər, məktublar, kino və videoçəkilişlər nümayiş olundu. 1943-cü ildə Berlində keçirilən Azərbaycan Milli Qurultayından çəkilmiş videogörüntü nadir sənədlərdən biridir. Həmin qurultayda Azərbaycanın üçrəngli bayrağı dalğalanır: “Bu qurultayda Əbdürrəhman Fətəlibəyli-Düdənginski və başqa böyük insanlarımız iştirak ediblər. O bayrağın qurultayda dalğalanması da təsdiqləyir ki, bu insanlar müstəqilliyimiz uğrunda mübarizə aparıblar. Hitlerin də həmin qurultaya təbrik məktubunu əldə etmişik”.
Nəsiman Yaqublu Azərbaycan legionerlərinin komandiri Əbdürrəhman Fətəlibəyli -Düdənginskinin 1946-cı il martın 23-də İngiltərənin baş naziri Klement Etliyə yazdığı bir məktubu da nümayiş etdirdi: “Həmin məktubda SSRİ-yə qarşı Soyuq Müharibə yolu ilə necə mübarizə aparmağın mümkün olduğundan bəhs edilir. Bu məktub Soyuq Müharibənin elan edilməsindən 6 gün əvvəl yazılıb. Əbdürrəhman Fətəlibəyli –Düdənginski Soyuq Müharibənin planını yazıb. O, Azadlıq Radiosunun da ilk baş redaktoru olub. Biz böyük insanlarımızın çoxunu tanımırıq”.
Tarixçi alim arxiv sənədləri içərisində professor Dilşad Elbrusla bağlı sənədə də rast gəldiklərini bildirdi: “Böyük ehtimalla, bu, Azərbaycanda ilk xanım professordur”.
Sonda Nəsiman Yaqublu bu layihəyə xüsusi diqqətlə yanaşıldığına və dəstək verildiyinə görə Şura sədri Azay Quliyevə təşəkkür etdi.
Şura sədri Azay Quliyev qeyd etdi ki, bu gün Azərbaycan tarixinin nisbətən qaranlıq səhifələri açılır: “Yəqin ki, bu gün həmin insanların ruhu Azərbaycanın müstəqilliyini görərək qürurlanırlar. Şura bu layihə təqdim olunandan 10 gün sonra, qısa müddətdə cavab verib və onu dəstəkləyib. Bu, Şuranın dəstək verdiyi ən layiqli layihələrdən biridir. Biz bundan sonra da belə layihələri dəstəkləyəcəyik”.
# 522

Oxşar yazılar