Qüdrət Həsənquliyev baş nazirə müraciət etdi
26 avqust 2010 14:57 (UTC +04:00)

Qüdrət Həsənquliyev baş nazirə müraciət etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Binəqədi rayonunda, 7-ci mikrorayonun ərazisində yerləşən qətiristanlığın Sulutəpə qəsəbəsinə köçürülməsilə bağlı baş nazir Artur Rasizadəyə müraciət ünvanlayıb.

BAXCP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, qəbiristanlığın köçürülməsi ilə bağlı yayılan məlumatlar milli və dini ənənələrimizə hörmətlə yanaşan hər bir Azərbaycan vətəndaşı kimi onu da dərindən narahat edir.

Qüdrət Həsənqudiyev qeyd edib ki, son vaxtlar oxşar hadisələrin tez-tez təkrarlanması təəssüfləndirici faktdır: “Çünki belə addımlarla biz cəmiyyətimizi mənəvi deqrodiyasiyaya uğradır, bütün bəşəriyyətin toxunulmaz saydığı dəyərlərə önəm verməməklə, onları adiləşdirməklə, insanların hiss və duyğularıyla oynamaqla yeni-yeni arzuolunmaz presidentlər yaradırıq. Öz yaxınlarını, doğmalarını itirən bütün insanlar üçün onların məzarları təsəlli yeridir. Ən müqəddəs bayramlarda azərbaycanlılar öz valideynlərinin, doğmalarının məzarlarını ziyarət edir, vəfa borclarını yerinə yetirir, onları xatırladıqlarını, unutmadıqlarını nümayiş etdirirlər. Qəbristanlıq ayinləri Azərbaycan insanının fəlsəfi dünyagörüşünün, yaşamının, ailə-məişət münasibətlərinin toxunulmaz tərkib hissəsidir”.

BAXCPA sədri hesab edir ki, bu toxunulmazlığı adiləşdirməklə biz həm də minillərin sınağından keçərək bizi assimilyasiya olunmağa qoymayan, milli özünəməxsusluğumuzun qorunub-saxlanılmasına zəmin yaradan ailə modelimizə meydan oxuyuruq: “İnanmıram ki, vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, hansısa Azərbaycan vətəndaşı öz doğmalarının məzarının başqa bir əraziyə köçürülməsinə könüllü surətdə razılıq versin. Dövlət təkcə praktik, əməli idarəçiliyə, maddi dəyərlərə görə deyil, milli-mənəvi, əxlaqi dəyərlərin qorunması üçün də məsuliyyət daşıyır. Bakı Metropoliteni üçün başqa bir ərazidə də depo inşa edilər bilər. Ola bilsin ki, bu müqayisədə daha çox vəsait tələb edir. Amma elə məsələlər var ki, onları madiyyatla müqayisə etmək olmaz və dövlət mənəvi dəyərləri qorumaqla ilk növbədə öz vətəndaşlarına nümunə olmalıdır. Hörmətli Artur müəllim! Sizə müraciət etməklə, baş verənlərin qarşısının alınması üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm. Ümid edirəm ki, müraciətimə diqqətlə yanaşacaq, cəmiyyətdəki narahatlığa son qoyacaqsınız”.

Qeyd edək ki, BAXCP adından 7-ci mikrorayonda yeləşən qəbristanlığın köçürülməsilə bağlı Azərbaycan ictimaiyyətinə də müraciət ünvanlanıb. BAXCP cəmiyyəti belə hadisələrə həssas yanaşmağa çağırıb.
# 604

Oxşar yazılar