Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmadan mina qatını zədələyən və diş ətlərini zərər görməsinə səbəb olan səhvlərə yol verir. Yanlış fırçalama texnikası, uyğun olmayan vaxt seçimi və gigiyena qaydalarına laqeyd yanaşmaq sonradan stomatoloqa tez-tez müraciət etməyə səbəb ola bilər.
Lent.az xəbər verir ki, ən çox edilən səhvlərdən biri qəhvə və ya səhər yeməyindən dərhal sonra dişləri fırçalamaqdır. Qidaların tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu zaman dişləri güclü şəkildə fırçalamaq mina qatının aşınmasına səbəb ola bilər. Stomatoloqlar dişləri ya səhər yeməyindən əvvəl, ya da yeməkdən ən azı 30 dəqiqə sonra fırçalamağı tövsiyə edirlər.
Diş pastasından sonra ağzı su ilə yaxalamaq olmaz
Bir çox insan dişlərini fırçaladıqdan sonra ağzını bol su ilə yaxalayır. Halbuki bu zaman diş pastasının tərkibindəki flüor da yuyulub gedir. Flüorun diş səthində qalması diş minasını möhkəmləndirir və bakteriyalara qarşı qoruyucu təsir göstərir.
Doğru qayda belədir: artıq köpüyü tüpürün, lakin ən azı 15 dəqiqə ərzində ağzınızı su ilə yaxalamayın və heç nə yeməyin, içməyin.
Güclü təzyiq dişlərə zərər verir
Bəzi insanlar düşünür ki, dişləri nə qədər sərt və sürətlə fırçalasaq, bir o qədər yaxşı təmizlənəcək. Əslində isə bu üsul diş ətlərinin geri çəkilməsinə və dişlərin həssas hissələrinin açılmasına səbəb olur. Fırçanı diş səthinə təxminən 45 dərəcə bucaq altında tutmaq, kökdən kənara doğru yumşaq hərəkətlərlə və ya kiçik dairəvi hərəkətlərlə dişləri təmizləmək daha düzgündür.
Diş ipindən istifadə etməyi unutmayın
Adi diş fırçası diş səthinin təxminən 60 faizini təmizləyə bilir. Dişlərin arasındakı nahiyələrə çatmaq mümkün olmadığından hər gün diş ipindən (flosdan) istifadə etmək vacibdir. Dişlərin fırçalanması ən azı iki dəqiqə davam etməlidir. Prosedurun sonunda isə bakteriyaların ən çox toplandığı yerlərdən biri olan dili də mütləq təmizləmək lazımdır.
Diş fırçasını nə vaxt dəyişmək lazımdır?
Hətta ən keyfiyyətli diş fırçasının tükləri də zamanla köhnəlir və bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Mütəxəssislər diş fırçasını və ya elektrikli diş fırçasının başlığını hər üç aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, soyuqdəymə, qrip və ya angina keçirdikdən sonra da diş fırçasını yenisi ilə əvəz etmək lazımdır.
Tüpürcəyin rolu da çox vacibdir
Həkimlər tüpürcəyin ağız boşluğunun təbii müdafiə mexanizmi olduğunu xatırladırlar. Tüpürcək qida qalıqlarını təmizləyir və dişlərə zərər verən turşuları neytrallaşdırır. Ağız boşluğunun qurumaması üçün gün ərzində kifayət qədər təmiz su içmək və şirin qidaları tez-tez qəbul etməmək tövsiyə olunur.