Çəkini təhlükəsiz və davamlı azaltmaq üçün prosesə düzgün hazırlaşmaq və özünü nəticəyə kökləmək vacibdir. Mütəxəssislər bildirirlər ki, düzgün formalaşdırılmış gündəlik vərdişlər həm arıqlamağı asanlaşdırır, həm də ümumi sağlamlığı gücləndirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qidalanma üzrə ekspert və tanınmış dietoloq Lisa R. Young sürətli və əlavə çətinlik yaratmadan çəki atmağa kömək edən əsas vərdişlərdən danışıb.
Evdə yemək bişirmək əsas şərtdir
Ekspertin ilk və ən vacib tövsiyəsi yeməkləri evdə hazırlamaqdır. Onun sözlərinə görə, hazır məhsullarda və restoran yeməklərində ev yeməkləri ilə müqayisədə daha çox gizli kalori olur. Evdə bişirdikdə isə həm porsiyanı, həm də istifadə olunan məhsulların keyfiyyətini tam nəzarətdə saxlamaq mümkündür.
Qabaqcadan planlaşdırılmış qəlyanaltılar
Lisa R. Young gün ərzində nə yeyəcəyinizi əvvəlcədən planlaşdırmağın vacibliyini vurğulayır. Acmazdan öncə sağlam qəlyanaltılar haqqında düşünmək və onları hazır saxlamaq ani və zərərli seçimlərin qarşısını alır. Bu yanaşma həm aclığı nəzarətdə saxlayır, həm də artıq kalori qəbulunu azaldır.
Sadə fiziki aktivliklə daha çox hərəkət
Ekspert bildirir ki, ağır məşqlər olmadan da arıqlamaq mümkündür. Fitnes, yüngül qaçış və ya sadəcə axşam gəzintiləri kifayət edə bilər. Xüsusilə gündəlik piyada gəzinti maddələr mübadiləsini sürətləndirir, kalori yandırır və çəki itirməyə kömək edir.
Zülal qəbulunu artırın
Zülal maddələr mübadiləsini sürətləndirən əsas qida maddələrindən biridir və daha tez toxluq hissi yaradır. Az kalorili, lakin faydalı zülal mənbələri kimi balıq və dəniz məhsulları, yağsız ət, paxlalılar, yumurta, qoz-fındıq, toxumlar və yağsız süd məhsulları tövsiyə olunur.
Mütəxəssislər qeyd edirlər ki, bu vərdişlər qısa müddətli pəhriz deyil, uzunmüddətli sağlam həyat tərzinin bir hissəsi kimi qəbul edildikdə daha təsirli nəticə verir.