Türkiyənin tanınmış tədqiqatçısı, “İşgalden kurtuluşa İstanbul”, “Nuri Killigil”, “Şakir Zümre” və digər monumental əsərlərin müəllifi Atilla Oral TÜYAP beynəlxalq kitab yarmarkasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini işıqlandıran foto sərgisini açıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılışı münasibəti ilə APA-ya açıqlama verən Atilla Oral deyib: ”Sərgini açmağım üçün TÜYAP-ın idarə heyəti mənə 300 kvadratmetr yer verib. Buradakı bütün fotoların orijinalları məndədir, müxtəlif illərdə almışam. Xalqımızın Atatürk sevgisi məni bir daha heyran etdi. Burada Atatürkün bəzi fotolarını ucuz qiymətə satıram, gənclər o fotoları həvəslə alır. TÜYAP-ın 35 il əvvəl açılan ilk yarmarkasını çox yaxşı xatırlayıram, 500 kvadratmetr yerdə 26 nəşriyyat iştirak edirdi. 35 ildə gəldiyimiz mərhələni özünüz görürsünüz. Bundan sonrakı məqsədim Atatürk sərgisini Türkiyənin bəzi şəhərlərində və uyğun görülərsə, Azərbaycanda açmaqdır”.
Qeyd edək ki, noyabrın 12-də açılmış TÜYAP beynəlxalq kitab və rəsm yarmarkası Frankfurt beynəlxalq kitab yarmarkasından sonra dünyada ikinci yerdədir. Yarmarkaya hər il təxminən 600 min oxucu gedir.