Heydər Əliyevin 90 illiyi münasibəti ilə ölkəmizdə yarış keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Belə ki mayın 10-12 tarixlərində Xaçmaz rayonunda Azərbaycan Respublikasının Səmt İdmanı Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq səmt idmanı üzrə Heydər Əliyev adına I Beynəlxalq Kubok yarışı keçiriləcək.
Qeyd olunan idman yarışında Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinin və Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbələrdən ibarət 3 komanda ilə təmsil olunacaq. Bu tədbirin reallaşdırılması ölkəmizdə idman və aktiv turizm növünün inkişafına geniş imkanlar yaradacaq.
Eyni zamanda, regionlardakı istirahət mərkəzlərində istirahət edən turistlərin asudə vaxtlarını səmərəli təşkilinə və turizm şirkətləri tərəfindən beynəlxalq turizm bazarına çıxarılacaq müxtəlif aktiv turizm marşrutlarının hazırlanmasına marağı artıracaq.