Ağahüseyn Cavadovun xatirə gecəsi keçirilib
12 iyun 2014 22:50 (UTC +04:00)

Ağahüseyn Cavadovun xatirə gecəsi keçirilib

İyunun 12-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

Lent.az-ın məlumatına  görə, tədbirdə çıxış edən professor Məryəm Əlizadə Ağahüseyn Cavadovun həyat və yaradıcılığından danışıb, onun oynadığı rolların xarakterik xüsusiyyətlərini qeyd edib: “Onu öz nəslindən olan aktyorların heç biri ilə müqayisə etmək olmaz. Ağahüseyn Cavadovun epizodik rolları da yaddan çıxmır”. 
 

Xalq artisti Rafiq Əzimov A.Cavadovla bağlı xatirələrini danışıb, onun haqqında olan əhvalatlara toxunub. 
 

Teatrın foyesində keçirilən gecənin rejissoru və ssenari müəllifi Loğman Kərimovdur. Tədbirdə görkəmli aktyorun çəkildiyi “Bəxtiyar”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Əhməd haradadır?”, “Qızmar günəş altında” filmlərindən fraqmentlər nümayiş olunub. Gecədə həmçinin Gülyanaq və Gülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənib.

 

Qeyd edək ki, Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Xırdalan qəsəbəsində doğulub. Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollara çıxmış A.Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 1981-ci ildə Bakıda vəfat edib.

 

 

 

 

# 607
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar