Türk dünyasının tanınmış şairlərindən Abdurrahim Karakoçun xatirəsinə “Aşk deyince ötesini arama” adlı böyük ədəbi-bədii gecə keçirilib. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi” tərəfindən təşkil edilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycan millət vəkilləri, şairin ailə üzvləri və ziyalılar iştirak edib.
Ədəbi hissədən əvvəl çıxış edən Qənirə Paşayeva türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu deyib. “Mihriban” şeiri ilə şairin yaradıcılığına daha da bağlandığını deyən Qənirə Paşayeva bildirib ki, ona şairlə sağlığında görüşmək qisməti olduğu üçün çox xoşbəxtdir: “Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. O, həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı.”
Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun bu cür tədbirlərin iki xalqın ictimai mədəni həyatında əhəmiyyətli hesab etdiyini deyib. Türkiyədən qonaq gəlmiş millət vəkili Səlcuq Özdağ Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və bildirib ki, Abdurrahim Karakoç təkcə sevgi şairi deyil, həm də təsəvvüf şairi idi.
Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov zamanın bütün dövrlərində ziyalıların, şairlərin xalqlar arasında mədəni körpü rolu oynamasını deyib.
Tədbirin ədəbi-bədii hissəsi Türkiyə və Azərbaycan sənətçiləri, bədii qiraətçilərinin müxtəlif səpgili musiqi və şeir parçaları ilə davam edib. Aşıq Ədalət Dəlidağlı, Gülarə Azaflı, Aşıq Zülfiyyə, Nemət Qasımlı və yetirmələri aşıq havaları ilə A.Karakoçun şeirlərini ifa ediblər. Tanınmış bədii qiraətçilər Ağalar Bayramov və əməkdar artist Azad Şükürov şairin şeirlərindən parçalar səsləndiriblər. Xalq artistləri Mələkxanım Əyyubova və Nuriyyə Hüseynova şairin şeirləri əsasında muğam təqdim ediblər. Daha sonra Türkiyədən gəlmiş sənətçilər Bünyamin Aksunqur və Həsən Sağındık öz ifalarını səsləndiriblər. Oxuduğu vətənpərvər mahnılarıyla sevilən Novruz Novruzov ustad şair Abdurrahim Karakoçun məşhur dillər əzbəri olan “Mihriban” mahnısını sazın müşayiəti ilə ifa edib və balaca bir qız tərəfindən səsləndirilən şeir qonaqlar tərəfindən maraqla qarşılanıb.