“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan ŞİKAYƏT
01 avqust 2024 16:05 (UTC +04:00)

“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan ŞİKAYƏT

“Kuklaçı olmaq kənardan çoxlarına asan görünsə də, heç də asan sənət deyil. Bu peşəni təəssüf ki, İncəsənət Universitetində öyrətmirlər. Gələn aktyorları teatrda peşəkar aktyorlar öyrədirlər. Hər kuklaçı aktyor istənilən teatrda, kinoda gözəl rollar yarada bilər, amma  hər aktyor Kukla Teatrının aktyoru ola bilmir. Çünki çox çətindir. Spesifik bir sahədir, bu işin həddən çox xırdalıqları var”.

 Bu fikirləri Lent.az-a verdiyi müsahibədə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı aktrisası Aygül Ağayeva səsləndirib.

 O bildirib ki, bu teatrın aktyorları illərlə səhnədə olsalar da onların üzləri görünmür, tanınmırlar.
“Amma bizim əziyyətimiz başqa teatrların aktyorlarınınkından qat-qat çoxdur. Pərdə altında, əlində saatlarla 5-8, bəzən daha ağır kuklalarla çıxış eləmək, onları düzgün hərəkətə gətirmək, canlandırmaq asan iş deyil. Bir stəkan suyu 15 dəqiqə əlini tərpətmədən havada saxlasan yorulursan, amma biz gün olub ki, hər biri 45 dəqiqə olmaqla eyni gündə 3 dəfə səhnəyə çıxmışıq. Bunun müqabilində maaşlarımız  çox azdır. 13 kateqoriyada olan aktrisayam. Maaşım 560 manatdır. Kateqoriyası aşağı olan, yeni gələn aktyorlar daha az maaş alırlar. Direktorumuz Rəşad Əhmədzadə dəfələrlə müraciət eləsə də, bizim teatrı arxa planda saxlayırlar.  Milli status alsaq, maaşlarımız ikiqat artar. Biz beynəlxalq festivallardan daima mükafatlarla gəlirik, ildə göstərdiyimiz tamaşaların sayı akademik teatrların tamaşalarının sayından çoxdur. O böyüklükdə kollektivdə cəmi iki nəfərə  Əməkdar artisti fəxri adı verilib. Teatrdan təqdimat getsə də, sıradan geridə qalmışıq. Aktyorlarımızın sosial vəziyyətinin yaxşılaşması üçün teatrımızın status almasını çox istəyirik.  Sözsüz ki, teatrda çalışmaq, kukla sənətimizin inkişafı üçün var qüvvənizi sərf etmək bizim üçün müqəddəs missiyadır. Digər tərəfdən, biz kuklaçılar sənətimizi, uşaqları, bizi sevərək izləyən balaca tamaşaçılarımız çox sevirik. Onların zövqünə uyğun nümunələr hazırlamağa çalışırıq. İllərdir ki, Azərbaycan Dövlət Kukla Teatrı milli kukla sənətimizin tərəqqisi üçün əlindən gələni edir. Üstəlik bizim teatr ölkədəki özündən savayı daha 4 kukla teatrının mərkəzi funksiyasını yerinə yetirir. Bütün bu mənəvi məsələləri nəzərə alaraq çox arzu edərdik ki, bizim teatr da milli status alsın. Sözsüz ki, bu bizimlə yanaşı digər dost kukla teatrlarının istər maddi təminatına, istərsə də yaradıcılığına böyük təkan verəcək. İllərdir bu sahədə xidmətə rəğmən teatrımız fəxri ad, mükafatlar sarıdan təəssüf ki, geridə qalır.
Hətta teatrımızın 90 illik yubileyində belə heç bir mükafatlandırma olmadı.”,- deyə aktrisa bildirib.

 Müsahibəni yaxın günlərdə Lent.az saytında oxuya biləcəksiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar