“Mən burdayam, İlahi”   - Bu filmə niyə baxaq?
04 oktyabr 2023 15:38 (UTC +04:00)

“Mən burdayam, İlahi” - Bu filmə niyə baxaq?

Dünən axşam  II Qarabağ  müharibəsi haqqında çəkilən “Mən burdayam, İlahi” filminə baxmaq üçün dəvət aldım. Film bir neçə gün öncə ictimaiyyətə təqdim olunub, bu dəfə tamaşaçı zalında əsasən şəhid və qazi ailələri oturmuşdular. Film maraqlı bir  süjet xəttinə malikdir, real hadisələr əsasında çəkilib.

Şuşanın fəth olunmasında iştirak edən rütbəli zabitimiz yaralanır və qələbədən 3 ay sonra komadan çıxır. Ayılanda anası vəfat edib, tək qalmış az yaşlı qızını isə sığınacağa veriblər. Qazimiz özünə baxa biləcək halda  deyil deyə, uşağı ona vermək istəmirlər. O, övladına sahib çıxmağa çalışır. Bu müddətdə ona qonşuları, xüsusən də Sevinc adlı gənc qonşu qız çox kömək edir. Filmi həyəcansız, kövrəlmədən izləmək mümkün deyil.  Kontuziya keçirmiş  qazinin özü ilə mübarizəsi, sıxıntıları baş rolun ifaçısı Rasim Cəfərov tərəfindən o qədər ürəklə, detallı şəkildə  yaradılmışdı ki, filmə baxdığını unudursan, onunla birlikdə yaşayırsan  bütün qayğıları. Rasim yaratdığı obrazın əsəbləşərkən kəkələməsini, boynunu dartmasını çox gözəl təsvir edir, gülümsəsə belə gözlərini tərk etməyən kədərini yüksək şəkildə təqdim edirdi.

Bu arada qrim ustasını da təbrik etmək yerinə düşərdi, yaralı qazinin üzündəki  yara izlərini  ustaqlıqla yaratmışdı.

Filmin rejissoru Qulu Əsgərov mərhum Xalq artisti, muğam ustası Qulu Əsgərovun nəvəsidir. İstedadını bu filmlə büruzə verməyi bacarıb.

Filmin ssenari müəllifi Nicat Dadaşov Lent.az-a verdiyi açıqlamada filmin çox kiçik bir büdcə ilə çəkildiyini bildirib. “Mövzunun Vətən müharibəsi haqda olmağına baxmayaraq,  maliyyə tapmaqda çətinlik çəkirdik. Hətta bir məqamda o qədər büdcəni yığa bilməyəcəyimizi düşünürdük. Amma geri çəkilmək olmazdı, çünki orada vuruşan şəhidlərimiz qələbəyə görə canlarından keçdilər. Biz bu işi yarımçıq qoya bilməzdik”.

Filmin adı da tamaşaçıda maraq doğurur. Niyə məhz bir şeir parçasından hissə?

Nicat Dadaşov bildirib ki, ssenari hazır olsa da ad tapa bilmirmiş. II Fəxri Xiyabanı ziyarət edərkən təsadüfən gözü Vaqif Səmədoğlunun məzarı üstündə yazılmış misralara sataşıb və filmi belə adlandırmağa qərar verib.

Əlbəttə, film artıq çəkilib bitib, amma yenə də müəyyən maddi sıxıntılar yaşayırıq, əsasən “Daşın üstündə “Mən burdayam, İlahi” yazılmışdı. Həmin an qəribə bir hiss keçirdim. Öz-özümə təkrar edirdim: “mən burdayam, İlahi…” Fikirləşdim ki, mənim qəhrəmanım da mübarizəyə davam edir, sanki hamıya deyəcəyi bir kəlməsi var. Mən hələ ölməmişəm”.

Film haqqında nə demək olar. Filmin sonunda qazimizin ölməyib sağ qalması, qonşu qızının sevgisi ilə həyata bağlanması tamaşaçıları sevindirir. Həmin kadrlar ekrana gedərkən tamaşaçıların ayağa qalxaraq filmi alqışlamasını gördüyüm üçün bunu deyirəm.
 Filmdə qəhrəmanımızın evi “Bizim Cəbiş müəllim” filminin çəkildiyi o məşhur həyətə bənzəyən həyətdə yerləşir. Bu bilərəkdən, ya bilməyərəkdən edilib, anlamadım. Yaxşı qonşuluq əlaqələrini vurğulayırdı.

Filmin əlbəttə qüsurları da yox deyildi. Musiqi tərtibat ilk başlarda insanı sıxsa da ( zəif musiqi idi və başqa bir melodiya ilə əvəzlənsə, film  daha canlı alınardı) sonda  yeni aranjemanda təqdim olunan “Getmə, yar” xalq mahnısı duyğuları coşdururdu.

 Filmdə komadan ayılmış kimsəsiz, kasıb qazi anasının məzarını ziyarət edir . Səhnə çox gözəl olsa da, anasının qara mərmər baş daşı diqqəti çəkir. Kimsəsi olmayan anaya bu başdaşını kim düzəltdirdi?

Ekran işinin az büdcəylə çəkilməsi çox  hiss olunurdu.

Amma hər bir halda ssenarisi şablonlardan kənar və maraqlı idi, bir müharibə iştirakçısının duyğularını anlamağa kömək edirdi. Bir sözlə baxmağa dəyər. Qarabağ müharibəsindən bəhs edən filmlər silsiləsində “Mən burdayam, İlahi”  öz yerini alacaq.

Bu filmin məktəblərimizdə təbliği yaxşı olardı. Pafoslardan uzaq, real bir insan həyatının təsviri gənc nəsildə Vətən sevgisini bir  fərqli müstəviyə daşıyacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5421
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar