İdman Arbitraj Məhkəməsi norveçli yarımmüdafiəçi Mathias Norman və onun hazırkı klubu "Əl-Raed"ı cərimələyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, buna səbəb futbolçu və Səudiyyə Ərəbistanı klubunun müqavilə şərtlərini üzrlü səbəb olmadan pozmalarıdır. Buna görə onlar “Rostov” klubuna 3 milyon avrodan çox təzminat və illik 5% ödəniş etməlidirlər.
“Hakimlər kollegiyası hesab edir ki, futbolçunun “Rostov”la müqaviləsini ləğv etmək üçün kifayət qədər əsası olmayıb”, - deyə bəyanatda bildirilir.
Norman 2019-cu ilin yanvarından "Rostov"da çıxış edib. Bu müddət ərzində norveçli 50-dən çox oyun keçirib. 2021-ci ildə o, "Norviç Siti"yə icarəyə verilib.
İngilislərin Rusiya klubundan futbolçu almaq hüququ olsa da, bundan istifadə etməyiblər. 2022-ci ilin yayında isə Norman icarə əsasında “Dinamo”ya keçib.
Norveçli futbolçu moskvalıların heyətində 15 oyun keçirib və 2023-cü ilin yayında müqaviləsi qüvvədə olmasına baxmayaraq, könüllü olaraq Rusiyanı tərk edib.
Avqust ayında o, “Əl-Raed” ilə müqavilə imzalayıb.