Həftəsonu  çox yatanların   təzyiqi normal olur - ARAŞDIRMA
23 sentyabr 2026 13:37 (UTC +04:00)

Həftəsonu çox yatanların təzyiqi normal olur - ARAŞDIRMA

0

Həftəsonu daha çox yatmaq yüksək qan təzyiqi ehtimalının aşağı olması ilə əlaqəli ola bilər. Yeni araşdırmada istirahət günlərində təxminən 1 saat 26 dəqiqə əlavə yatanlarda hipertoniya ehtimalının 9 faiz aşağı olduğu müəyyən edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər 2016-2023-cü illəri əhatə edən, təxminən 41 min yetkin şəxsə aid məlumatları təhlil ediblər.

İştirakçıların iş və istirahət günlərindəki yuxu müddəti müqayisə olunub, daha sonra bu göstəricilər yüksək qan təzyiqi halları ilə tutuşdurulub.

Koreya Universitetinin Tibb Kollecindən tədqiqat müəllifi Navon Linin sözlərinə görə, bu əlaqə xüsusilə azhərəkətli həyat tərzi keçirən iştirakçılarda daha aydın müşahidə edilib. Bununla belə, nəticələr əlavə yuxunun birbaşa hipertoniyanın qarşısını aldığını sübut etmir.

Yuxu təzyiqə necə təsir göstərir?

Kardioloq Bharat Sanqani bildirib ki, normal yuxu zamanı qan təzyiqi və ürək döyüntülərinin tezliyi adətən azalır. Bu, ürək-damar sisteminin dincəlməsinə və bərpasına şərait yaradır.

Davamlı yuxusuzluq isə orqanizmi yüksək aktivlik vəziyyətində saxlaya və uzun müddətdə təzyiqin tənzimlənməsini çətinləşdirən problemlərlə əlaqəli ola bilər.

Tədqiqatçılar nəticələrin mümkün izahlarından biri kimi əlavə yuxunun iş həftəsi ərzində yaranan yuxu çatışmazlığından sonra orqanizmin bərpasına kömək etməsini göstərirlər.

Həftəiçi az yatıb həftəsonu əvəzini çıxmaq olarmı?

Mütəxəssislər həftəsonu daha çox yatmaq məqsədilə iş günlərində yuxunu qəsdən azaltmağı tövsiyə etmirlər. Bütün həftə ərzində kifayət qədər və müntəzəm yatmaq daha vacibdir.

Yuxu rejimini qorumaq üçün hər gecə təxminən eyni müddətdə yatmaq məsləhət görülür. Bir gecə beş, digərində isə on saat yatmaq sabit yuxu rejimi sayılmır. Bununla yanaşı, hər kəsin mütləq səkkiz saat yatmalı olduğu barədə universal qayda yoxdur.

Ürək sağlamlığını qorumaq üçün fiziki aktivlik, balanslı qidalanma, duzun məhdudlaşdırılması və qan təzyiqinin müntəzəm ölçülməsi də əhəmiyyətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar