Uzanıb oxumağı ideal istirahət hesab edirsiniz?
Lent.az xarici mediaya istinadla bildirir ki, o zaman bu görünüşcə zərərsiz vərdişin əslində görmə qabiliyyətinizə, qamətinizə və onurğa-boyun sağlamlığınıza necə zərər verdiyini öyrənin.
Həkimlərin xəbərdarlığı: bu vərdiş sağlamlığa mənfi təsir edir
Həkimlər və qamət üzrə mütəxəssislər yataraq oxumanın bir sıra neqativ nəticələrə səbəb ola biləcəyini bildirirlər - gözlərdən tutmuş dayaq-hərəkət sisteminə qədər.
Görmə orqanına yük
Yataraq oxumaq zamanı gözlə mətn arasındakı tövsiyə olunan məsafəni (30–40 sm) saxlamaq çətinləşir. Kitab və ya cihaz çox yaxın və ya narahat bucaq altında olur. Bu da göz əzələlərinin gərəksiz və qeyri-təbii şəkildə gərginləşməsinə səbəb olur. Bu vəziyyət aşağıdakı problemləri yarada bilər:
Göz yorğunluğu (astenopiya): yanma, qaşınma, quruluq, qızartı hissi.
Görmənin bulanıqlaşması: şəkillərin dəqiqliyinin müvəqqəti itməsi.
Baş ağrısı: göz və boyun əzələlərinin gərginliyindən qaynaqlanır.
Yaxını görmənin pisləşməsi (miopiya): birbaşa səbəb olmasa da, inkişafını sürətləndirə bilər. Bundan əlavə, yataraq oxuyanda çox vaxt işıqlandırma düzgün olmur, bu isə gözlərə əlavə yük yaradır.
Qamət və onurğa problemləri
Yatmaq rahat görünsə də, uzun müddət mətnə fokuslanmaq üçün uyğun olmayan (qeyri-fizioloji) pozadır. Hansı vəziyyətdə olmağınızdan asılı olmayaraq (arxası üstə, yan, qarnı üstə) onurğa və əzələlər əyilmiş və ya gərgin vəziyyətdə olur:
Qarnı üstə
Ən zərərli pozadır. Baş arxaya çəkilmiş və ya yana çevrilmiş olur – bu isə boyun fəqərələrinə çox böyük yük verir. Bel çox vaxt bükülür. Nəticədə:
boyun, çiyin və bel ağrıları
əzələ spazmları
fəqərə disklərinin sürüşməsi riski
Arxası üstə
Bu pozada kitabı baş üzərində saxlamaq və ya başı yastıqlarla qaldırmaq lazımdır. Hər iki halda:
boyun əzələləri gərginləşir
əllər tez yorulur
insan tez-tez narahat duruş dəyişməyə məcbur qalır
Yan üstə
Bütün onurğa, xüsusilə boyun və döş fəqərələri əyilmiş vəziyyətdə olur.
baş qeyri-təbii şəkildə əyilir
bir çiyin yuxarıda, digəri aşağıda olur
Bu əzələlərə və oynaqlara qeyri-bərabər yük verir, nəticədə:
ağrılar
skolyoz (xüsusilə uşaqlarda və yeniyetmələrdə)
qamət pozğunluqları
Digər mümkün problemlər
Qarnı üstə oxumaq qarın boşluğundakı orqanlara təzyiq edir, bu da:
həzm pozuntularına
nəfəsalma çətinliklərinə səbəb ola bilər (çünki diafraqma tam işləyə bilmir).
Necə düzgün oxumaq olar?
Mütəxəssislər oturaq vəziyyətdə oxumağı tövsiyə edirlər. İdeal duruş belədir:
Düz arxalı stulda oturmaq
Bel üçün arxa dayağın olması
Kitab və ya cihaz gözlərdən 30–40 sm uzaqda, göz səviyyəsindən bir qədər aşağıda
Yaxşı işıqlandırma – gözləri qamaşdırmayan, amma mətni tam işıqlandıran
Əgər yenə də yataqda oxumağa üstünlük verirsinizsə, o zaman:
yarımoturaq vəziyyət seçin
arxa və boyun üçün yastıq dəstəyi istifadə edin
kitabı komfortlu məsafədə saxlayın, mümkün olduqda kitab altlığı istifadə edin
Yataraq oxumaq rahat görünsə də, uzunmüddətli vərdişə çevrildikdə sağlamlığınıza ciddi zərər vura bilər. Gözləriniz, onurğanız və ümumi bədən duruşunuz üçün düzgün və rahat şəraitdə oxumaq vacibdir.