Norveçdə vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Höybi haqqında “Ağ zolaqlar, qara qoyunlar” adlı kitab nəşr olunub.
“Aschehoug” nəşriyyatında işıq üzü görən kitab dərhal geniş ictimai rezonansa səbəb olub.
Lent.az xəbər verir ki, Kral Sarayı kitabda çoxsaylı yalan iddialar və təhriflərin yer aldığını bəyan edib, polis isə onun əsas epizodlarından birini açıq şəkildə təkzib edib.
Kitabda iddia olunur ki, guya Höybi Oslonun mərkəzi küçəsində polisin nəzarəti altında kokain satıb. Lakin Oslo Polisi bu məlumatı qəti şəkildə rədd edib.
“Əməkdaşlarımız onun narkotik vasitələrin təsiri altında olduğunu müşahidə ediblər, lakin narkotik vasitəllərin satışı ilə məşğul olmasını yox”, – deyə polisin Mətbuat xidməti bildirib.
Polis nümayəndələrinin açıqlamalarına görə, Höybi ilə aparılan söhbətin səbəbi onun narkotik vasitələrin satışı ilə bağlı şübhələrə görə deyil, istifadəsi və həyat tərzi ilə bağlı olub.
Buna baxmayaraq, “Aschehoug” nəşriyyatı mübahisəli epizodu çıxarmaqdan imtina edərək, mənbələrin etibarlılığına inandıqlarını bəyan edib. Bununla yanaşı, nəşriyyat kitabda bu iddiaya aidiyyəti olmayan üç faktiki səhvi etiraf edib.
Höybinin vəkilləri kitabdan yalan məlumatın tamamilə çıxarılmasını və ya ən azı polisin mövqeyi barədə qeydin əlavə edilməsini tələb ediblər. Nəşriyyatın imtinasından sonra hüquqşünaslar Oslonun Dairə Məhkəməsinə kitabın yayımına müvəqqəti qadağa qoyulması barədə iddia qaldırıblar.
Eyni zamanda, Marius Borq Höybi cinayət işində əsas fiqurlardan biri olaraq qalır. Avqust ayında ona qarşı zorlamada, zorakılıqda və hədə-qorxu da daxil olmaqla, 32 bənd üzrə ittiham irəli sürülüb. Məhkəmə prosesi 2026-cı il fevralın 3-də başlanacaq və təxminən altı həftə davam edəcək.