Tədqiqatçılar üç fərqli yaş qrupuna aid 61 yetkin insanın hipokamp fəaliyyətini funksional MRT vasitəsilə analiz edib və gözlənilməz qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, gənclərdə öyrənmə və məlumatı xatırlama zamanı neyron nümunələrinin yüksək sabitliyi yaddaşın dəqiqliyini artırdığı halda, yaşlı insanlarda eyni sabitlik kateqoriya səviyyəsində qarışıqlığa səbəb olur. Başqa sözlə, yaş artdıqca beyin sadəcə detalları “silmir”, yaddaşın saxlanma mexanizmini fəal şəkildə yenidən qurur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, konkret xatirələrin yerini daha ümumiləşdirilmiş sxemlər tutur. Bu isə yaşlı insanların hadisənin harada və nə vaxt baş verdiyini niyə daha tez-tez qarışdırdığını izah edə bilər.
Tədqiqatın müəllifləri İen Makdonou və Destou Mekbib iştirakçılara 64 cütlüyə məlumatı yadda saxlamaq tapşırığı veriblər. Hər cütlükdə neytral üz təsviri konkret əşya və ya səhnə ilə əlaqələndirilib. Daha sonra alimlər iştirakçıların beyin fəaliyyətini üç mərhələdə – öyrənmə zamanı, beş dəqiqəlik istirahət dövründə və tanıma testində izləyiblər.
Nəticələr göstərib ki, gənc iştirakçılar cütlükləri halların 36 faizində düzgün xatırlayıblar. Yaşlı iştirakçılarda isə bu göstərici cəmi 20 faiz olub. Maraqlıdır ki, heç bir seçim edə bilməməklə bağlı unutqanlığın tezliyi bütün yaş qruplarında təxminən eyni səviyyədə qalıb. Əsas fərq isə edilən səhvlərin xarakterində ortaya çıxıb.
Gənc iştirakçılarda öyrənmə və test mərhələsində hipokampdakı neyron nümunələrinin bir-birinə daha çox bənzəməsi daha dəqiq yaddaşla əlaqəli olub. Yaşlılarda isə eyni oxşarlıq yaddaşın yaxşılaşmasına deyil, kateqoriya səviyyəli səhvlərin artmasına gətirib çıxarıb. Məsələn, düzgün cavab konkret əşya olduğu halda yaşlı iştirakçı həmin üzlə əlaqəli olaraq səhnə seçib.
Bu, beynin artıq konkret detalı deyil, daha geniş və ümumi məna sahəsini xatırladığını göstərir. Yəni beyin üzü əvvəl göstərilən dəqiq obyektlə deyil, ona məna baxımından yaxın olan başqa məlumatla əlaqələndirir. Tədqiqatda 50-60 yaş arası iştirakçıların neyron profili də diqqət çəkib. Bu qrupun göstəriciləri sadəcə gənclərlə yaşlılar arasında orta mövqe tutmayıb. Əksinə, onların beyin fəaliyyətində ayrıca dinamika müşahidə edilib.
Bu yaş qrupunda neyron nümunələri ilə yaddaş arasındakı əlaqə zəif olub. Alimlərin fikrincə, bu vəziyyət beynin yaddaş sistemində keçid mərhələsini göstərə bilər. Yəni beyin artıq müəyyən dəyişikliklərə başlayır, amma həmin funksional yenidənqurma hələ tam başa çatmır.
Tədqiqatçılar dəyişikliklərin hipokampın fiziki olaraq kiçilməsi ilə bağlı olub-olmadığını da yoxlayıblar. Lakin hipokampın həcmi nəzərə alındıqdan sonra belə nəticələr dəyişməyib.
Bu səbəbdən alimlər hesab edirlər ki, problem hipokampın ölçüsündə deyil, onun funksional təşkilindədir. Əsas məsələ beynin məlumatı necə kodlaşdırması, möhkəmləndirməsi və sonradan yaddaşdan necə çıxarması ilə bağlıdır.
Makdonou bildirib ki, əvvəlki araşdırmalar əsasən yaddaş prosesinin ayrı-ayrı mərhələlərinə diqqət yetirib. Yeni iş isə eyni yaş qrupuna daxil olan insanlarda məlumatın öyrənilməsindən onun xatırlanmasına qədər bütün prosesi ardıcıl şəkildə izləməyə imkan verib.
Alimlər yaşla bağlı yaddaş dəqiqliyinin azalmasının yalnız təxminən 30 faizini izah edə biliblər. Buna baxmayaraq, nəticələr gələcəkdə neyroəks əlaqə və neyrostimulyasiya metodlarının hazırlanmasına şərait yarada bilər. Belə üsullar yaşlı insanlara hipokamp fəaliyyətini daha yaxşı tənzimləməyə və detalları yadda saxlamaq qabiliyyətini gücləndirməyə kömək edə bilər.
Tədqiqat müəllifləri nəticələrin başqa, müstəqil iştirakçı qruplarında da təsdiqlənməli olduğunu vurğulayıblar. Bundan əlavə, gələcək araşdırmalarda beynin digər sahələrinin, xüsusilə beyin qabığının da öyrənilməsi vacib hesab olunur. Çünki yaddaş yalnız bir beyin mərkəzinin fəaliyyəti deyil, müxtəlif sahələrin birlikdə işlədiyi mürəkkəb neyron şəbəkəsinin nəticəsidir.