Bakı Ağır Cinayətlər Məhkəməsində atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkən Ayəddin Muradovun ifadəsi ilə davam edib:
"Yanvar ayı idi. Həmin gün həyat yoldaşım Samirə (şərti adla) ilə birlikdə evə gəldik. Mən içkili idim. Samirə yorğun olduğundan gedib yatdı. Adəm evdə idi. Ona dedim ki, gətir, yemək yeyək. Adəm yemək istəmədiyini bildirəndə, dedim mənim üçün gətir, mən yeyəcəm. Məni öskürək tutduğundan başladım öskürməyə. Bu Adəmin xoşuna gəlmədi, mənə iradını bildirdi. Ona dedim ki, siqaret çəkən adamam, necə öskürməyim axı?.Ardınca da xatırlamıram, ona acı bir söz dedim. Sonra necə oldu anlamadım, bir də gördüm atdığı çəkic dəydi gözümün üstünə. Mən dərhal yerə dəydim. Özümdə olmadığından sonradan bildim ki, təcili yardıma da Adəm zəng edib. Şikayətim yoxdur".
Daha sonra şahid qismində ifadə verən Samirə hadisə baş verən günü işdən evə qayıtdığını bildirib:
"Oğlum Adəmin atalığı ilə əvvəllər heç bir problemi olmayıb. Arada Ayəddin siqaret çəkdiyinə görə oğlumu danlayırdı, pis vərdişlərdən uzaq durmasını deyirdi. Mən qabyuyan işləyirəm. Hadisə baş verən gün işdən çox yorğun qayıtmışdım, Ayəddin və Adəm evdə idilər. Yorğunluqdan ayaq üstə güclə dururdum, özüm də ac olmağıma baxmayaraq, yemək yeməyə belə halım yox idi. Onlara dedim ki, hazır xörək var, özünüz süfrə açıb yeyərsiniz. Yorğunluqdan eləcə paltarlı uzanan kimi də yuxuya getmişəm. Yuxudan Ayəddinin səsinə ayıldım, onun üz-gözü qan içində idi".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçdiyini elan edib.
Məhkəmə tərkibi təqsirləndirilən Adəm İsgəndərovun hadisə günü anlaqlı vəziyyətdə olub-olmamasını, onun psixi pozuntudan əziyyət çəkdiyini müəyyən etmək üçün stasionar məhkəmə psixiatrik ekspertizasının təyin edilməsini zəruri hesab edib.
Məhkəmə tərkibi ekspertizanın rəyi məlum olana kimi proseslərin təxirə salındığını və 8 oktyabr 10:30-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Sabunçu rayonu ərazisində baş verib. Adəm İsgəndərov ailə münaqişəsi zəmnində çəkiclə atalığı Ayəddin Muradovun göz nahiyəsinə zərbə vuraraq sağlamlığına ciddi zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Adəm İsgəndərov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma -iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.