“Taksi şirkətləri sürücüləri istismar edir”.
Bu sözləri hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib.
Hüquqşünas qeyd edib ki, gedişhaqqının 20-25%-nin sürücüdən alınması tamamilə qanunsuz və əsassızdır. Şirkət yalnız qazancın 8-10%-ni ala bilər:
“Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsi bağlanmalıdır. Hazırkı vəziyyətdə taksi sürücüləri və kuryerlər adıçəkilən şirkətlərin (eyni formada bu fəaliyyət növündə olan digər şirkətlərin də) işçisi hesab olunmurlar. Çünki onlarla bağlanmış müqavilə xidməti müqavilədir. Tətil, işçi hüququnun tələb olunması, məzuniyyət, bayram, əmək haqqına əlavə və s. kimi imtiyazlar, hüquqlar əmək müqaviləsi ilə işləyənlərə şamil olunur. Hazırkı reallıqda Azərbaycanda əksər kuryer və taksi şirkətləri isə çalışanlarla xidməti müqavilə bağlayıblar.
Xüsusən əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları var. Xidməti müqavilə isə əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslərlə bağlanır. Xidməti (mülki) müqavilələrdə tərəflər bərabərhüquqlu olur, yəni sadə dillə desək, burda sifarişçi və icraçı var. Sifarişçinin verdiyi sifarişi icraçı yerinə yetirir və qarşılığında da müəyyən olunmuş haqqını (ödənişini) alır. Sifarişçinin icraçı qarşısında əmək hüququndan doğan heç bir başqa öhdəliyi yoxdur.
Hazırda taksi və kuryer şirkətləri onlarla işləyənlərlə xidməti müqavilə bağlayıb. Yəni, onlar üçün hər bir taksi sürücüsü, kuryer hüquqi baxımından icraçı rolundadır. Onlar sifarişi verir, bunun müqabilində müəyyən ödəniş edir, icraçı, yəni kuryer və taksi sürücüsü də bu sifarişi yerinə yetirir və öhdəlik bitir”.