“Şizofreniyanın diaqnozu olan əsərlər var”  – Tanınmış rəssamın evindən REPORTAJ
23 aprel 2025 14:05 (UTC +04:00)

“Şizofreniyanın diaqnozu olan əsərlər var” – Tanınmış rəssamın evindən REPORTAJ

Lent.az keramist rəssam Mir Teymur Məmmədovun evindən reportajı təqdim edir.

İçərişəhərin ara küçələrindən keçib Mir Teymur Məmmədovun evinə çatırıq. Mir Teymur müəllim bizi həyətindəki eyvandan salamlayır.

Həyət və binanın divarları onun əsərləri ilə bəzədilib. Burada ədəbi cərəyanların əksəriyyətini görmək mümkündür - impressionizm, kubizm, dadaizm, modernizm, ekspressionizm, sürrealizm və sair və ilaxır. 

"Bu məkan türkçülüklə bağlıdır. Tamğaları görürsüz? Hamısı türklərə aiddir" - Mir Teymur bəy əsərlərindəki türkçülük detallarından danışır. 

Nəhəng divarların üçü əsərlərlə bəzədilib, birindən isə aşağıdan ta yuxarıya doğru tənəklər sarmaşır.

Turistlər gəlir. Mir Teymur bəy onlarla maraqlanır, əsərləri ilə tanış edir. Nəhayət, sıra bizə çatır:

- Bu sənətə sizdə necə həvəs yarandı?

- Bizim ailədə iki peşə baş roldadır. Biri həkimlik, digəri rəssamlıq. Baxdım ki, həkim olmaq üçün çox əzbər lazımdır, dedim, yox, mənlik deyil və qaçdım incəsənətə. Mənim anam da rəssamdır - Dilarə Məmmədova.

- Hansı Azərbaycan rəssamlarından təsirlənmisiz?

- Çox yaxşı müəllimlərim olub. Bir il Arif Qazıyevin yanında olmuşam. Daha sonra texnikoma getmişəm. Mən sənədləri verəndə orada heykəltəraşlıq fakültəsi yox idi, mən də bədii tərtibat fakültəsinə daxil oldum. Fərqi nədir ki...

Turistlər Mir Teymur müəllimin əsərlərinə baxır, fotolarını çəkirlər. 

- Bəs konkret olaraq təsirləndiyiniz, bunu yaradıcılığınızda hiss etdiyiniz rəssamlar olub?

- Bir şeyi qeyd edim ki, çox rəssamı tanıyıram, amma heç birinin təsirində olmamışam. Belə hesab edirəm ki, bu, plagiatdır. Biri var məktəb, bu ayrı şeydir. Analiz eləməlisən ki, rəssam bozu, qaranın yanında niyə istifadə edib və ortadakı ağ nə deməkdir? Bu kimdir? - Tahir Salahov. Sonra baxırsan ki, ondan öncə bunu kim işləyib? Tahir Salahov haradan gəlib? - Moskvadan. Sərt stil deyirdilər buna. Bunlar hamısı məktəbdir. Bunları bilmək və yaddan çıxarmaq lazımdır. Pikassonun sözləridir. Onun həyatı da elə məktəbdir. 

- Vinsent Van Qoq özü də bir yaponizm məktəbi keçib. Elə Van Qoq demişkən, arxadakı əsərinizin rəngləri mənə Van Qoqun "Ulduzlu Gecə" əsərini xatırlatdı.

- Bəli, bəli...

- Bu əsəri yaradanda Van Qoqdan təsirlənmisiz?

- Xeyr, bu təsirlənmə deyil, hissiyatdır.

- Nədir aralarındakı fərq?

Zınqrov səsi gəlir. Turistlərdən biri Mir Teymur müəllimin əl işlərindən biri olan zınqrovu tərpədir.

- Hissiyat odur ki, mən qarışqanın qaçdığını görürəm onun işlərini müşahidə edirəm. Təsir isə odur ki, mən gedib evdə onu fikirləşirəm. Hər şeyi analiz etmək lazımdır. Van Qoq rənglərin qanunlarını çox gözəl bilirdi. O böyük məktəbdir. Bunun üçün qardaşı Teoya "çox sağ ol" demək lazımdır. O, Van Qoqun ən ağır vaxtlarında yanında olub. Bilirsiz ki, onun psixi problemləri var idi.

O rəngləri o qədər analiz edib ki, bir az "o məsələ" olub. Elə götürək Edvar Munkun "Qışqırıq" əsəri özü şizofreniya xəstəliyinin diaqnozudur. Hər dəfə baxanda baş əydiyim rəssam Leonardo Da Vinçidir. Onun həyatı, fikirləri, alqoritmi bir məktəb idi. 

- Xüsusi tarixçəsi olan hansı əsəriniz var?

- Əsərlərimin hamısının bir tarixçəsi, əhvalatı var.

- Məsələn, o Van Qoqun əsərinə bənzətdiyimin tarixçəsi maraqlıdır...

- Dənizə baxmısız? Mən dənizə fərqli zamanlarda baxıram. O həmişə danışır. Fikir vermisiz, Günəş batanda dəniz necə sakit olur, elə bil, yatmağa hazırlaşır. Bu əsər oradan gəlir.

- İçərişəhərdə böyümüsüz. Buranı əks etdirən əsərləriniz var. Sizin izahınızda İçərişəhər çox maraqlıdır...

- İçərişəhər elə-belə qurulmayıb. Bura qaladır. Böyük Qala küçəsindən keçəndə fikir verin, qapı yeri var.

Əvvəl orada qapılar olub. İçərişəhərin altında "İkinci Bakı" var. Şirvanşahlar sarayının altından girmək olur. Oradan çox şey tapıblar. Bizim çox dəyərli eksponatlarımızı tədqiqat adı altında Sankt-peterburqdakı Ermitaj muzeyinə aparıblar. Bir çoxu yaddan çıxıb qalıb orada, bir çoxunu da saxta kopyasını düzəldib veriblər.

Söhbətimizin davamını Mir Teymur müəllimin əsərlərinin sərgiləndiyi otaqda edirik. Turistlər Mir Teymur müəllimə əsərləri haqqında suallar verirlər. Sənətkar suallarını səbrlə cavablandırıb yanımıza gəlir. Bizə ilk göstərdiyi əsəri "Xocalı" olur.

- Baxın, bu əsər "Xocalıdır".
- Bunu nə vaxt yaratmısız?
- Elə 1992-ci ildə...

Mir Teymur müəllim əl işini fırlada-fırlada mənaları izah edir. Əsərdə böyük və uşaq əlləri, kürəklə qocanı vurub öldürən erməni və bir çox detallar təsvir edilib.

- Bunları yaddan çıxaracağıq biz? 1905-ci ili unutduq. Sonra 1918-ci ildə Nuru Paşanı çağırdıq, gəlib bizi xilas etdi, onu da unutduq və erməniləri doldurduq bura. Məndə nifrət yoxdur, amma bu haylar haradan gəliblər? Bunu bilmək lazımdır. Biri var düşmən birbaşa xəncəri götürüb saplayır ürəyinə, biri də var, lazım olan anı gözləyir. Onlar həmin anı əldən vermirlər. Ona görə, Xocalı faciəsi oldu. Çünki biz qanı yaddan çıxardıq. Sumqayıt hadisələri necə oldu? Ermənilər özləri erməni qadınlarını öldürürdülər ki, bizim adımızı batırsınlar. Günahkar çıxarsınlar.

Mir Teymur müəllim otağın digər hissəsinə keçir. 

"Biz qadın görəndə hər şey yaddan çıxır. Qadına görə hər şeyi edirik. Bu əsər qadın düşkünlərinə, çox qadın sevənlərə aiddir" - Mir Teymur müəllim adamın başından çoxlu qadınlar çıxan əl işini göstərir.

Sonra yanındakı əsərə keçir:

- Bu isə pul hərisi olanlara aiddir.

İnsanın başından çoxlu adamlar çıxan əsərini göstərir. Çıxan adamların hamısının başının ortası pul yığmaq üçün hazırlanmış qutular kimi deşilib. Bir növ, insan başı formasında pulqabını xatırladır. Teymur müəllim növbəti əsərə keçir. Əsərdə 10-a yaxın insan bir-birinin belində çömbələrək dayanıb. Lakin ən yuxarıda dayanan da çömbəlib. Sanki o da kiminsə belinə çıxmasını gözləyir. Əsəri müəllifin dilindən dinləyək:

- Bu isə iyerarxiyanı təmsil edir. Baxın, ən yuxarıdakının hökmü, gücü var, lakin özü də əyilib...

Burada insan büstünə bənzəyən, lakin başı dil formasında olan bir əsər də var. Əsərin mənasını açmağa çalışıram. Dil, sənətkarlıqda senzura, susdurulma, ikiüzlülük və bəzi hallarda instinkti təmsil edə bilir. Ən doğrusunu müəllif özü deyəcək:

- Bu isə yalandır - Əli ilə digər əsəri göstərir - Qorxu əsasdır. Bütün günahlar qorxunun üstündə yığılır. Atanı, ananı satacaqsan. Çox az adam var ki, qorxmur.

- Mir Teymur müəllim, sizə görə, ən güclü hiss hansıdır?

- Qorxu. Qorxu sevgidən də güclüdür. Qorxanda hər şey yaddan çıxır. 

Otaqda diqqətimi çəkən maraqlı əsərlərdən biri də qeyri-adi formalı çaynik oldu. Mir Teymur müəllim onun ingiliscə olan əsl adını deyir:

- Art teapot. "Art" sənətdir, "teapot" isə çaynik - sənət çayniki. Keçən əsrin 20-ci illərində dahilər - Jorj Barak, Pablo Pikasso və başqaları yığışıb deyiblər ki, gəlin, nəsə banal, sadə bir şey düzəldək, amma banal olmasın.

Ən əsası da danışsın. - Çaynikdəki detalları barmaqları ilə göstərir - Burada Azərbaycanın dörd regionunun xalçaları əks olunub. 4 region bir yerdədir.

- Baxın, burada tamğalar əks olunub - Bükülmüş xalçaya bənzəyən əl işini göstərir - Svastika da var burada. Çox vaxt deyirlər ki, svastikanı Hitler Hindistandan götürüb. Lakin bu ta Altaylardan var. Özü də biri var kişi, biri də var qadın svastikası. Erkək svastikası saat istiqamətinə, qadın svastikası isə onun əksinə doğru işləyir. Ən güclü qadın svastikasıdır və Hitler onu öz ideologiyasının simvolu kimi götürdü. - Xalçanın üzərindəki svastika elementlərini göstərir. 

Üzərində müxtəlif rəngləri və cizgiləri olan fincanı götürür:

- Baxın, bunu məndən başqa heç kim edə bilmir. Çindən komissiya gəlmişdi. Soruşurdular, necə etmisən? Sonra tərcüməçi mənə yazdı ki, yarım ildir çalışırıq, lakin necə etdiyinizi hələ də tapa bilməmişik.

- Necə etmisiz?

- O artıq mənim sənət sirrimdir.

Fincanın içindəki çata bənzər cizgiləri göstərir:

- Bunlar hamısı krakledir. Fransızcadan tərcümədən çat deməkdir. 

- Əslində, bu mənə yaponların kintsuqi sənətini xatırlatdı. Onlar qırılmış əşyaları məhz qırıldıqları yerdən daha dəyərli metallarla, məsələn, qızıl, gümüş, platinlə, təmir edirlər. 

- Kintsuqi bir şoudur. Onu çox şişirdiblər... Bunlar isə fərqlidir. Mən onları sobaya qoyuram və oradan nə çıxacaq, hansı rəngdə, tonda olacaq, bilmirəm. - Mir Teymur müəllim danışa-danışa bayaq da səsini eşitdiyimiz zınqırovu götürür:

- Türk dünyasında səs qadın və kişi olaraq iki yerə ayrılır. 

- Bəs onun cinsiyyətini necə ayırd edirsiz?

Zınqrovlardan birini əlində tərpədir. Cingiltili bir səs çıxır.
- Səncə, bu kimdir?
- Qadın...
Digər zınqrovu götürür. Bundan isə nisbətən qalın səs çıxır.
- Bəs bu?
- Kişi.

Məftillərə dolaşmış insanlar olan əsər diqqətimi çəkir. Mən bunun köləliyə işarə olduğunu düşünsəm də, müəllifin izahı başqa olur:

- SSRİ dağılandan sonra 15 respublikadan 12-si MDB adlı birlik yaratdı. Baxın, bu əsər odur.

- Hamısı da məftillər içərisindədir…

- Bəli, çünki o iqtisadi saplar hamısı qaldı. KQB qaldı, satqınlar qaldı. 

Maraqlı əsərlər arasında Qaçaq Nəbi və Baba Pünhan da var. 

- Mir Teymur müəllim, siz əslən bakılısız?

- Şamaxılıyam. 12-ci əsrdən Bakıda yaşayırıq. 1191-ci ildə Şamaxı dağılandan sonra Şah I Axsitan bizi bura köçürüb. 3 yer fikirləşirdi - Gəncə, Quba, ya da Bakı. Birinci Gəncəni istəyirdi, lakin sonra düşündü ki, Xəzərdən uzaq qalmaq olmaz. Bakını itirməyək. Çünki Xəzərdə iki açar var, Dərbənd və Bakı. Bu iki qala Xəzəri ovcunun içində saxlayır. Həm də İranı tutur. Bilirsiz ki, farslar həmişə bizə düşmənçilik ediblər. Satıblar bizi. Bakıda 3 divar var. Dünyada bu cür çox az şəhər olub. İndi biz o divarlardan sadəcə birini görürük. İkinci divar Mirzə Ələkbər Sabir heykəlinin yerində olub. Üçüncü isə Monolit binasının yerində olub.

 

- Mir Teymur müəllim, bu sənətlə məşğul olmaq üçün maddi resurs da lazımdır. Çünki istər gil, istər şirələr, soba və sair böyük xərc tələb edir. Yetərincə qazanc olur bu sahədə?

- Dünyanın müxtəlif ölkələrindən, muzeylərdən sifarişlərim olur. Sifarişlərim çox olur, amma bəzən elə sifarişlər gəlir ki, onları qəbul etmirəm.

- Necə sifarişlər?

- Milli maraqlarımıza zidd olanları...

- Bölgələrdə bu sənətin vəziyyəti necədir? Yetərincə inkişaf etdirilirmi?

-  Bakıda 5 mərkəz açmışam. Şəkidə, Lənkəranda açmışam. Mənim layihəmdir. Doğrudur, pulu dövlət verib. Prezidet İlham Əliyevə də demişəm bu barədə. İstəyirəm ki, bütün rayonlarda olsun. Birincisi uşaqları küçələrdən yığmalıyıq. Qoy yaradıcı işlə məşğul olsunlar. Bütün bölgələrdə, bu sənət vacibdir. Təkcə bu yox, xalçaçılıq da. 

Yeni turistlər gəlir... Mir Teymur müəllim onlarla maraqlanır.

Məni yanına çağırır:

- İndi bir şey göstərəcəm, milyard illəri öz əllərində saxlayacaqsan. Hazırsan?
- Bəli...
- Fikrini topla və götür.
Əllərindəki daşları mənə verir. 
- Bunların milyarddan çox yaşı var. 
- Haradan əldə etmisiz bu daşları?
- Bizim dağlardan. Bax, bu daşı at suyun içinə, əriyəcək...

Əlimdəki daşlardan birini göstərir:
- Bu daşı yemək də olar. Bunu heç kim danışmır, amma 1941-1945 müharibəsində biz neftlə bir yerə cəbhəyə göy gilabi də göndərirdik. 

Mir Teymur müəllim diqqətlə üzümə baxır:

- Eynəyini düzəlt, əyridir, sonra başın ağrıyacaq. 
- Köhnəlib, ona görə. Yeniləməliyəm. 
Eynəyimi gözümdən çıxarıb əliylə düzəldir. Sonra qaldırıb şüşələrinə baxır:
- Mənfi 2.5, elədir?
Heyrət içində qalıram:
- Bəli...

Bunu ən yaxşı oftalmoloqlar belə bilmir. Eynək şüşəsinin dəqiq ölçüsünü xüsusi cihazlar vasitəsilə öyrənirlər. Lakin Mir Teymur müəllimin baxan kimi bilməyi məni çox təəccübləndirdi. Eynəyi düzəldib yenidən gözlərimə taxdı.

- Mir Teymur müəllim, bütün bu əsərlərin ərsəyə gəlməsi nə qədər zamanınızı alıb?
- 28 il.
- Neçə əsər olar, təxminən?
- Bilmirəm, heç bilmək də istəmirəm.

Həyətdəyik. Əzim Əzimzadəyə oxşatdığım bir əsər var. Dəqiqləşdirirəm:

- Bu Əzim Əzimzadədir?
- Ona da oxşayır, amma Yaşar Nuridir.

Mir Teymur müəllim bunu deyən kimi bir anda Əzim Əzimzadə çevrilib oldu Yaşar Nuri...

Mir Teymur müəllim bu evə gələn turistlərin, qonaqların ürək sözlərini yazdığı kitabçaları göstərir. 10-dan artıq 100 vərəqli kitabça hamısı qonaqların ürək sözləri, imzaları ilə doludur. Mən də öz ürək sözlərimi yazıb xudahafizləşirəm...

Foto - İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6954

Oxşar yazılar