Sovet və özbək estrada müğənnisi Fərrux Zakirov “Yalla” adlı məşhur vokal-instrumental ansamblının lideri kimi tanınıb — bu kollektivi hələ də doğma Özbəkistanda və Azərbaycan da daxil olmaqla, bir çox keçmiş sovet respublikalarında böyük sevgi və maraqla qarşılayırlar. Sənətçi gördüyü işlərə görə dəfələrlə dövlət mükafatları ilə təltif olunub və fəxri adlara layiq görülüb. Belə ki, Fərrux Kərim oğlu Zakirov Özbəkistan SSR xalq artisti (1987), Qazaxıstanın xalq artisti (1995), Qırğızıstanın xalq artisti (1995), Tacikistanın xalq artisti (2000) və nəhayət, 2024-cü il iyulun 22-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə ona Azərbaycanın “Xalq artisti” fəxri adı verilib.
Lent.az artıq bir neçə nəsil dinləyicilər üçün gözəl və heyranedici səsi ilə musiqi bütü halına gələn Fərrux Zakirovun həyat yoluna işıq salır.
Uşaqlıq və gənclik illəri
Fərrux Kərimoviç Zakirov 1946-cı ilin yazında Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olub. Milliyyətcə özbəkdir. Onun anası, müğənni Şoista Səidova, Özbək Musiqili Dram Teatrında çalışıb. Atası Kərim Zakirov, Özbəkistan SSR-in xalq artisti, peşəkar musiqiçi olub. Gənclər Moskva Dövlət Konservatoriyasında oxuyarkən tanış olublar. Hər ikisi opera-teatr studiyasına qəbul olunub. Onların toyları 1936-cı ildə Moskvada baş tutub və az sonra ilk övladları Batır dünyaya gəlib. Fərrux ailədə dördüncü uşaq olub, lakin sonuncu olmayıb — ondan sonra da ailəyə iki övlad əlavə olunub.
Zakirovlarda ev daim qonaqlarla, çox zaman o dövrün tanınmış müğənni və aktyorları ilə dolu olurdu. Buna görə də uşaqlar balaca yaşlarından sənətə, yaradıcılığa maraq göstərirdilər. Bu gün bir çoxları düşünür ki, məhz Zakirovlar nəslinin nümayəndələri Özbəkistanda estrada və opera sənətinin təməlini qoyublar.
Gənclik illərində o, Daşkənd Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub. Elə həmin il qardaşı Rövşənlə birlikdə konservatoriya tələbələrinin yaratdığı özfəaliyyət ansamblına qoşulub. 1970-ci ildə ansamblın adı “Yalla” olaraq dəyişdirilib. Beləcə musiqiçinin bioqrafiyasında onu məşhurlaşdıran kollektiv yaranıb.
Musiqi fəaliyyəti
“Yalla”nın tərkibinə daxil olduqdan sonra gənc musiqiçi bu istiqamətdə inkişaf etməyə başlayıb. O zaman ansamblın bədii rəhbəri həm də konservatoriyanın teatr direktoru olan German Roşkov idi. Onunla birgə tələbələr “Qız bola” mahnısına aranjiman hazırlayıblar və bu mahnı ansambla ilk uğuru gətirib.
Bu və bir neçə digər mahnı ilə 1971-ci ildə onlar ilk dəfə Ümumittifaq müsabiqəsində iştirak ediblər, Sverdlovskda seçim turundan keçərək Moskvada keçirilən final mərhələsinə vəsiqə qazanıblar. Qalib olmasalar da, belə səviyyəli yarışda iştirak ansambla gələcək üçün möhkəm zəmin yaratdı.
Həmin illərdə bir çox musiqi qrupları yaranırdı və hamısı tanınmaq istəyirdi. Amma uzunmüddətli uğur yalnız az sayda ansambla qismət olurdu. “Yalla” isə özünəməxsus tərzi ilə fərqlənirdi. Onlar mahnılarında özbək milli alətlərini elektro gitaralar və elektro orqanlarla birləşdirir, bunları müasir aranjemanda şərq melodiyaları ilə təqdim edirdilər. Mahnılar həm özbək, həm rus, həm də ingilis dillərində səslənirdi.
Fərrux həm oxuyur, həm də ansamblın çıxışlarında fəal iştirak edirdi. Ansambl bir neçə il Sovet İttifaqı boyunca uğurla qastrollarda çıxış etmiş, həmçinin Daşkənddəki musiqili hollarda səhnəyə çıxmışdı. Bundan əlavə, “Yalla” Alman dilində 15 mahnı yazıb və bəzən onların əsərlərini məşhur “Melodiya” firması vinil plastinkalarda buraxırdı.
Əvvəllər əsasən xalq və müəllif mahnılarını ifa edən ansambl, getdikcə öz bəstələrinə və şərq şairlərinin sözlərinə yazılmış əsərlərə yer verməyə başladı.
1970-ci illərin sonuna doğru ansambl üzvləri yorğunluq hiss etməyə başladılar və yaradıcı tənəzzül dövrü başladı. İlk heyətdən yalnız Fərrux Zakirov qaldı və ansamblın bədii rəhbəri oldu. Onun ifasında “Qeyri-adi gözlər” mahnısı dinləyicilər tərəfindən çox sevildi. Mahnının musiqisi Andrey Babayevə, sözləri isə türkmən şairi Kara Seytliyevə məxsusdur. İlk dəfə 1955-ci ildə “Aşirin hiyləsi” filmində səslənmiş bu əsər Fərruxun ifasında ikinci həyat qazandı.
1980-ci ildə yeni tərkib və enerjili ifaçılarla ansambl fəaliyyətinə davam etdi. Sovet vətəndaşları “Üçquduq” (“Üç quyu”) mahnısını böyük sevgi ilə qarşılayırdılar. Bu əsər bu gün də “Yalla”nın vizit kartı sayılır. İki il sonra ilk eyni adlı albom işıq üzü gördü. Ardınca “Sevgilimin siması” və “Musiqili çayxana” adlı plastinkalar təqdim edildi. İllər boyunca “Məni xatırla”, “Nəsrəddinin nəğməsi”, “Çayxana”, Nəsibə Abdullayeva ilə duet olan “Kel, Kel” və digər mahnılar sevilənlər sırasında oldu.
Ansamblın 20 illik yubileyində səhnədə gənc özbək müğənnisi Abdulla Qurbanovun səsi eşidildi – o, Farrux Zakirovun dəvəti ilə yubiley konsertində iştirak etmişdi.
2000-ci ildə Fərrux Zakirov Özbəkistanın mədəniyyət naziri vəzifəsinə təyin edilsə də, ansamblı tərk etmədi və yeni albomların hazırlanmasında iştirak etdi. 2002-ci ildə “Yalla. Seçilmişlər”, bir il sonra isə “Yalla – Grand Collection” adlı disklər çıxarıldı.
2005-ci ildə “Yalla” 35 illik yubileyini qeyd etdi, iki il sonra SSRİ-nin retro əfsanələrinə həsr olunmuş konsertdə iştirak etdi. Həmin dövrdə gənc ifaçı Akbar Atamuxamedovla “Tale” adlı mahnını səsləndirdi – bu, ata ilə oğul arasında dialoq idi. Klipdə hər iki müğənni çəkilmiş, rejissor isə Batır Mamatillaev olmuşdu.
2020-ci ilin payızında Kreml Sarayında keçirilən “Ariel” ansamblının 50 illik yubiley konsertində “Yalla” “Üçquduq”u ifa etdi. 2021-ci ilin yazında isə Farrux Kərimoviç 75 illik yubileyini qeyd etdi. Payızda “Privet, Andrey!” verilişinin qonağı olan müğənni “Yalla”nın yaradıcılığı və məşhur mahnıları barədə danışdı.
Sonrakı illərdə də Fərrux Zakirov parlaq çıxışları ilə tamaşaçıları sevindirməyə davam etdi.
İctimai fəaliyyəti
2017-ci ildə Özbəkistanda “Xalq artistləri klubu” yaradıldı. Onun əsas məqsədi təcrübənin gənc nəslə ötürülməsi idi. Təşkilata rəhbərlik edən Fərrux Zakirovun təşəbbüsü ilə yaradıcı gənclər üçün seminarlar və ustad dərsləri keçirildi.
Müğənni xeyriyyəçilikdən də kənarda qalmadı. “Yaradıcılıq çağırışı” adlı çağırışda iştirak edərək estafeti Vildan Yarullindən qəbul etdi. Aksiya mədəniyyət veteranlarının dəstəklənməsinə yönəlmişdi.
Şəxsi həyatı
Məşhur sənətçinin şəxsi həyatı uğurlu olub, baxmayaraq ki, onun ilk evliliyi Nərgiz Zakirova (qızlıq soyadı — Bayxanova) ilə boşanma ilə nəticələnib. Bir müddət Nərgiz “Yalla” ansamblında vokalist kimi çıxış edib. Bu yaradıcı cütlük 9 il birgə həyat sürüb. Bu evlilikdən onların Səid adlı oğlu dünyaya gəlib. Lakin 1983-cü ildə Fərrux və Nərgiz Zakirovlar yollarını ayırıblar.
1986-cı ildə sənətçi Anna adlı rus qadınla evlənib. Bu nikahdan onların ortaq övladları olmayıb, lakin Farrux həyat yoldaşının ilk evlilikdən olan oğlu Mixaili (toy zamanı bir yaşında idi) öz övladı kimi böyüdüb.
Fərrux Zakirovun hər iki yetkin oğlu xaricdə təhsil alıb, lakin onların seçdiyi ixtisaslar musiqi ilə əlaqəli olmayıb. Sənətçi ailəsi ilə çəkilmiş fotoları və konsert görüntülərini doğma dilində apardığı sosial şəbəkə hesabında paylaşır.
Fərrux Zakirovun sənət yolunu qardaşı qızı Nərgiz Zakirova davam etdirib. O, “Qolos” (Səs) şousundakı çıxışından sonra geniş populyarlıq qazanıb. 2023-cü ildə media orqanlarında müğənninin keçmiş prodüseri Maksim Fadeev ilə Fərrux Zakirov arasında baş vermiş münaqişə haqqında məlumatlar yayılıb. Əvvəllər mətbuatda Nərgizin xüsusi hərbi əməliyyata qarşı çıxması və Ukrayna Silahlı Qüvvələrini dəstəkləməsi barədə xəbərlər yer almışdı. Bunun ardınca Fadeev onunla əməkdaşlığa son qoymuş və sənətkarın əmisi olan Fərrux Zakirovu “himayədarlıqda” ittiham etmişdi.
Bu ittihamlara cavab olaraq “Yalla”nın solisti bəyan etmişdi ki, yaxınlarının söz və hərəkətlərinə görə cavabdeh deyil, özü isə həmişə rus və özbək xalqları arasında dostluğun tərəfdarı olub.