Qablaşdırmadakı məlumat məhsulun keyfiyyətini göstərir və ya onun çatışmazlıqlarını üzə çıxara bilər. Ucuz makaronlarla bahalı makaronlar arasında bir neçə əsas fərq var.
Lent.az bu fərqləri təqdim edir:
Mağaza rəflərində müxtəlif qiymət kateqoriyalarına aid məhsullar var. Bu, makaronlara da aiddir. Bir çox insanı maraqlandırır ki, nəyə görə bir paket digərlərindən iki dəfə baha olur, halbuki görünüşcə oxşardır.
Ucuz və bahalı spagetti və makaronlar arasındakı fərqlərə daha yaxından baxaq.
Ucuz makaron bahalıdan nə ilə fərqlənir
Çoxları hesab edir ki, makaron üçün artıq pul ödəmək sadəcə mənasız xərclərdir. Amma məlum olur ki, qiymətə yalnız brend yox, həm də keyfiyyət təsir edir və bu, sərf olunan pula dəyir. Əsas fərqlərdən biri istifadə olunan unun keyfiyyəti və növüdür. Sərt buğda növlərindən hazırlanmış makaron daha baha olur. Amma belə makaron bişərkən dağılmır və yapışmır. Bundan əlavə, onlar fiqur üçün də daha faydalıdır. İstehsal texnologiyası da mühümdür. Keyfiyyətli məhsullar düzgün şəkildə qurudulur. Bu səbəbdən bişirmə zamanı dağılmır. Ucuz makaronlar isə sürətlə qurudulur ki, istehsalçılar daha çox məhsul sata bilsinlər. Bahalı makaronlar çox vaxt forması ilə də fərqlənir. Məsələn, onların səthində xırda cizgilər olur. Bu səbəbdən istənilən sous və ya yağ makarona yapışır, boşqaba axıb getmir. Nəticədə yemək daha dadlı olur.
Sonuncu məqam keyfiyyət nəzarətidir. Bahalı makaron istehsalçıları yaxşı xammaldan istifadə edir və hazır məhsulu diqqətlə yoxlayırlar. Ucuz paketlərdə isə çox vaxt sınmış makaronlara rast gəlinir.
Yaxşı makarona necə seçim etmək olar?
Təkcə qiymətə baxmaq düzgün strategiya deyil. Lazımi məlumat artıq qablaşdırmada mövcuddur.
Keyfiyyətinə görə makaronlar üç kateqoriyaya bölünür:
A - ən faydalı qrup, sərt buğda növlərindən hazırlanır
B - yumşaq buğda növlərindən hazırlanır
C - əsasən çörəkbişirmə unundan hazırlanır
Yaxşı məhsul almaq üçün qablaşdırmada sinif 1, qrup A və ya durum sözləri yazılmalıdır. Daha sonra tərkibinə baxmaq lazımdır. Bəzi istehsalçılar qənaət üçün əlavə un və ya başqa qarışıqlar əlavə edirlər. Əgər makaron keyfiyyətli buğdadan hazırlanıbsa, tərkibində zülal miqdarı yüksək olur minimum 12 qram, daha yaxşısı isə 14-15 qram. Əgər qarışıq un istifadə olunubsa, zülal az olacaq.
Keyfiyyətin digər göstəricisi GOST nişanı. Bundan əlavə, istehsal tarixi və saxlanma müddətinə diqqət edin. Yaxşı makaron 3 il saxlanıla bilər. Əgər tərkibində ispanaq və ya başqa əlavələr varsa 24 ay. Qablaşdırmadan sonra makaronun özünü də nəzərdən keçirin. Keyfiyyətli makaron hamar səthli, şəffaf kənarlı, qızılı və ya sarı rəngdə olur. Yumşaq buğdadan hazırlananlar isə kobud səthli, ağ, çox parlaq və ya solğun sarı rəngdə ola bilər. Üstəlik, pis qarışdırılmış xəmirdən ağ nöqtələr görünə bilər. Son addım paketi bir az silkələməkdir. Əgər dibində qırıntılar və xırda parçalar varsa, bu məhsulu almaq barədə iki dəfə düşünmək lazımdır.