Dünyanın səs-küyündən uzaq, sakit və təbiətlə baş-başa istirahət etmək istəyən insanların sayı getdikcə artır.
Lent.az xəbər verri ki, “BookRetreats” şirkəti dünyanın ən sakit 10 adasının reytinqini hazırlayıb. Siyahıya Yeni Zelandiyada yerləşən Stüart adası başçılıq edir.
Dünyanın ən sakit adası hansıdır?
Reytinqdə birinci yeri 100 mümkün baldan 94,6 bal toplayan Yeni Zelandiyanın Stüart adası tutub.

Maori dilində ada “Rakiura” adlanır. Bu söz təxminən “parıldayan səma” mənasını verir. Ada dünyanın ən cənubunda yerləşən beynəlxalq qaranlıq səma qoruğu statusuna da malikdir. İşıq çirklənməsinin olduqca az olması burada cənub qütb parıltısını müşahidə etməyə imkan yaradır.
Stüart adası xüsusilə təbiətsevərlər üçün ideal məkan hesab olunur. Təbiətin qorunması meyarına görə ada 100 baldan 99 bal toplayıb. İnsan fəaliyyəti buranın təbii landşaftına demək olar ki, təsir göstərməyib. Adada cəmi 500-ə yaxın insan yaşayır. Ərazisinin təxminən 85 faizini Rakiura Milli Parkı təşkil edir. Bura həmçinin çoxsaylı nadir quş növlərinin yaşayış məskənidir. Onların arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən Stüart adasının qəhvəyi kivi quşu da var.
Avropanın ən sakit adası Yunanıstandadır

Siyahıda ikinci yeri Yunanıstanın Anafi adası tutub. Bu ada eyni zamanda Avropanın ən sakit adası seçilib. Santorini adasının şərqində yerləşən Anafinin sahəsi təxminən 40 kvadratkilometrdir. Burada 300 nəfərdən az insan yaşayır.
Adada kommersiya hava limanı yoxdur. Buna görə də buraya çatmağın ən rahat yolu bərə nəqliyyatından istifadə etməkdir. Ağ rəngli evləri, kristal kimi şəffaf suyu və sakit çimərlikləri Anafini dincəlmək istəyən turistlər üçün cəlbedici məkana çevirir.
Üçüncü yerdə Braziliya adası qərarlaşıb

İlk üçlüyü Braziliyanın İlya-Qrandi adası tamamlayır. Bura həmçinin Amerika qitəsinin ən sakit adası seçilib. Adanın ərazisinin təxminən 90 faizi Atlantik okeanı sahillərinə xas tropik meşələrlə örtülüb. Burada çoxlu sayda nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növləri yaşayır. İlya-Qrandidə hava limanı və asfalt yollar yoxdur. Şəxsi avtomobillərin hərəkəti isə qadağandır.
Bütün bunlar adada xüsusi sakitlik mühiti yaradır. Mənzərəli çimərliklər və zəngin təbiət buranı şəhər həyatının yorğunluğundan uzaqlaşmaq istəyənlər üçün ideal istirahət məkanına çevirir.
ABŞ-dan yalnız bir ada siyahıya düşüb
Reytinqə ABŞ-dan yalnız Kaliforniyada yerləşən Santa-Katalina adası daxil olub. Ada onuncu yeri tutub. Təxminən 19,4 min hektar sahəsi olan adanın 88 faizi “Catalina Island Conservancy” təbiəti mühafizə təşkilatının himayəsindədir. Burada yalnız həmin əraziyə xas olan 60 bitki və heyvan növü qorunur.
Santa-Katalina siyahıdakı digər adalar qədər sivilizasiyadan uzaq deyil. Burada təxminən 4 min nəfər daimi yaşayır. Bununla belə, ada səs-küylü Los-Anceles şəhərinin yaxınlığında sakit istirahət üçün əlverişli məkan hesab olunur.
“BookRetreats” şirkətinin reytinqinə əsasən, dünyanın ən sakit adaları bunlardır:
1. Stüart adası – Yeni Zelandiya
2. Anafi – Yunanıstan
3. İlya-Qrandi – Braziliya
4. Lord-Hau adası – Avstraliya
5. Sent-Martins, Silli adaları – İngiltərə
6. Tioman adası – Malayziya
7. Ko-Çanq – Tailand
8. Ko-Ronq – Kamboca
9. Havelok adası – Hindistan
10. Santa-Katalina adası – ABŞ