Bir vaxtlar Polşanın siyasi elitasının istirahət etdiyi, hovuzları, saunaları və restoranları ilə məşhur olan Kozubnik kurortu illər ərzində tərk edilmiş binalardan ibarət kabus şəhərə çevrilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kiçik Beskid dağlarında, Sileziya voyevodalığında yerləşən kompleks vaxtilə ölkənin ən nüfuzlu istirahət məkanlarından biri sayılıb.
Kozubnik təkcə turizm mərkəzi olmayıb. Burada partiya toplantıları, konfranslar və müxtəlif siyasi tədbirlər də keçirilib.
Hətta öz təcili yardım maşını olub
1952-1989-cu illərdə kurort fəal inkişaf edib. Ərazidə tikintisində şüşə və alüminiumdan istifadə olunan 11 oteldən ibarət kompleks yaradılıb.
İstirahətçilərə həmin dövr üçün olduqca dəbdəbəli sayılan şərait təklif edilib. Kompleksdə qapalı hovuzlar, saunalar, tennis kortları, xizək lifti, restoran və kafelər fəaliyyət göstərib.
Burada tibbi xidmətlər də göstərilib. Fövqəladə hallar üçün kurortun öz təcili yardım avtomobili belə olub.
İnkişaf etmiş infrastrukturu Kozubniki məşhur istirahət məkanına çevirsə də, onun imkanlarından ilk növbədə dövrün siyasi elitasının nümayəndələri yararlanıb.
Kurortun gizli təyinatı olub?
Kompleksin mümkün irimiqyaslı hərbi münaqişə zamanı gizli məqsədlər üçün istifadə edilə biləcəyi barədə də şayiələr yayılıb.
İddialardan birinə görə, Kozubnik Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrin ehtiyat komanda mərkəzi kimi nəzərdə tutulub. Lakin bu versiya təsdiqlənmiş fakt kimi təqdim edilmir.
Belə şayiələrin yaranmasına kurortda keçirilən partiya tədbirlərinin səbəb ola biləcəyi bildirilir.
Lüks məkan niyə xarabalığa çevrildi?
Polşada kommunist sisteminin süqutu kurortun taleyində dönüş nöqtəsi olub. Siyasi və iqtisadi dəyişikliklərdən sonra kompleksin əvvəlki fəaliyyət modeli özünü doğrultmayıb.
1996-cı ildə Kozubnikdəki obyektləri idarə edən şirkət müflis elan olunub. Bundan sonra kurort tədricən baxımsız vəziyyətə düşüb.
Vaxtilə müasir istirahətin rəmzi sayılan binalar boş qalıb, infrastruktur dağılmağa başlayıb. Əraziyə turistlərin əvəzinə tərk edilmiş məkanlara maraq göstərənlər və tarix araşdırmaçıları üz tutublar.
Beləliklə, bir zamanlar siyasi elitanın seçdiyi nüfuzlu kurort dağların qoynunda “kabus şəhər”ə çevrilib.
Kozubnikə ikinci həyat vermək istəyirlər
Bununla belə, kompleksin tarixi xarabalıqlarla yekunlaşmayıb. Son illərdə keçmiş kurortun mərhələli şəkildə bərpasına başlanılıb.
Yenidənqurma layihəsi çərçivəsində ərazinin yaşayış və kurort infrastrukturu olan müasir istirahət məkanına çevrilməsi nəzərdə tutulur.