Bu adaya  köçmək istəyənlərə   30 min avro verilir - Əsas şərt  AÇIQLANDI
28 noyabr 2026 15:40 (UTC +04:00)

Bu adaya köçmək istəyənlərə 30 min avro verilir - Əsas şərt AÇIQLANDI

0

İtaliyanın Aralıq dənizində yerləşən Sardiniya adasının rəhbərliyi əhalinin azalmasının qarşısını almaq üçün yeni maliyyə dəstəyi proqramına başlayıb. Proqrama əsasən, adaya köçən şəxslərə 30 min avroya qədər geri qaytarılmayan maddi yardım verilə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu imkandan yalnız İtaliya vətəndaşları deyil, əcnəbilər də yararlana bilərlər.

30 min avro almaq üçün hansı şərtlər var?

Proqram 40 yaşına qədər olan və artıq iş yeri olan şəxslər üçün nəzərdə tutulub.

Adaya köçənlərə əsas yardım məbləği 20 min avrodur. Əgər şəxs əhalisi 5 min nəfərdən az olan şəhər və ya kənddə məskunlaşarsa, bu məbləğ 30 min avroya yüksəlir.

Proqramda muzdlu işçilər, sərbəst çalışanlar və sahibkarlar iştirak edə bilərlər. Uzaqdan işləyən şəxslərin də müraciət etmək imkanı var.

Əsas tələb müraciət zamanı şəxsin işinin olmasıdır.

Köçənlər adada ən azı 5 il yaşamalıdırlar

Müraciəti təsdiqlənən şəxslər altı ay ərzində Sardiniyada rəsmi yaşayış qeydiyyatına düşməli və ən azı beş il adada yaşamalıdırlar.

Proqramdan 2026-cı il yanvarın 1-dən etibarən adaya köçmüş şəxslər də yararlana bilərlər.

Müraciətlər noyabrın 29-dək qəbul edilir. Sənədlər yalnız təsdiqlənmiş elektron poçt (PEC) vasitəsilə [email protected] ünvanına göndərilməlidir.

Həkimlərə və sosial işçilərə üstünlük veriləcək

Maliyyə vəsaiti bütün müraciət edənlərə çatmadığı halda, ilk növbədə tibb və sosial xidmət sahəsində çalışanlara üstünlük veriləcək.

Buna səbəb Sardiniyanın bəzi kəndlərində həkim çatışmazlığının ciddi problemə çevrilməsidir.

2026–2028-ci illəri əhatə edən proqram üçün ümumilikdə 56 milyon avro ayrılıb. Bunun 8 milyon avrosu ilk il üçün nəzərdə tutulub.

İtaliyanın “Avvenire” qəzetinin hesablamasına görə, ilkin vəsait təxminən 266–400 nəfərə yardım göstərməyə kifayət edə bilər.

Sardiniya niyə köçənlərə pul verir?

Adada əhalinin azalması və doğum səviyyəsinin aşağı düşməsi ciddi narahatlıq yaradır.

İtaliyanın Milli Statistika İnstitutunun məlumatına görə, təkcə 2024-cü ildə Sardiniyanın əhalisi 8 072 nəfər azalıb. Burada hər qadına orta hesabla 0,85 uşaq düşür ki, bu da İtaliyada ən aşağı göstəricidir.

Regionun rəhbəri Alessandra Todde xaricə köçmüş sardiniyalıları geri qayıtmağa çağırıb.

Qeyd edək ki, Avropanın digər bölgələrində də oxşar proqramlar mövcuddur. İsveçrənin Albinen kəndində köçən yetkin şəxslərə 25 min İsveçrə frankı, hər uşağa görə isə əlavə 10 min frank təklif olunur. İrlandiyada isə müəyyən adalara köçərək uyğun yaşayış evlərini bərpa edən şəxslər 70 min avroya qədər maliyyə dəstəyi ala bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar