Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olub 23 yaşlı Kənan İmaməliyevi və onun həyat yoldaşı, 18 yaşlı Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri - Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin - Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
10:45
Bərdədə ər-arvad dəm qazından zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 3 radələrində Əliyanlı kəndində qeydə alınıb.
23 yaşlı Kənan İmaməli oğlu İmaməliyev və arvadı 18 yaşlı Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Görülən tədbirlərə baxmayaraq, P. Hüseynovanı xilas etmək mümkün olmayıb, K.İmaməliyevin isə vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.