Fransanın məşhur aktyoru Jerar Depardye gənc aktrisaya qarşı cinsi zorakılıq ittihamı ilə yenidən məhkəmə qarşısına çıxacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi aktrisa Şarlotta Arnu ilə bağlı cinayət işinin məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.
77 yaşlı aktyor 2018-ci ilin avqustunda Parisdəki evində aktrisaya qarşı cinsi zorakılıq törətməkdə ittiham olunur.

Hadisə zamanı 22 yaşı olan Şarlotta Arnu uşaqlıqdan tanıdığı aktyorun evinə rol üzərində birgə çalışmaq üçün getdiyini bildirib. Onun iddiasına görə, Depardye psixoloji təzyiq göstərərək onu cinsi əlaqəyə məcbur edib.
Hazırda məhkəmə ittihamın yalnız bir hissəsinə baxacaq. İddianın digər hissəsi rədd edilib.
Qeyd edək ki, daha əvvəl Depardye cinsi zorakılıqla bağlı təqsirini etiraf edərək zərərçəkənlərdən üzr istəyib. Aktyor çəkiliş meydançasındakı tərəfdaşlarına zərər vermək niyyətində olmadığını, lakin bunun baş verdiyini bildirib.