Pakistanın Karaçi şəhərində tikilməkdə olan altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 25-də Bəluc Koloni ərazisi yaxınlığında qeydə alınıb.
İndiyədək dağıntılar altından 15 nəfər sağ çıxarılıb. Ən azı 6 nəfərin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
İlkin araşdırmalar zamanı ciddi tikinti qaydalarının pozulduğu müəyyən edilib. Zirzəmi və iki mərtəbənin tikintisinə icazə verilsə də, bina qanunsuz olaraq altı mərtəbəyədək yüksəldilib.
Hadisə ilə əlaqədar bir sıra yüksəkvəzifəli məmurlar vəzifələrindən azad edilib, tikintiyə nəzarət qurumunun 16 əməkdaşı işdən kənarlaşdırılıb. Bina sahibləri, memar, mühəndis və podratçılar barəsində cinayət işi başlanılıb. Şübhəlilərdən bir neçəsi həbs edilib.
Faciədən sonra şəhərdə 516 qanunsuz tikili möhürlənib.